Qazaxıstanın Azərbaycandakı səfiri mətbuat konfransı keçirib

29 Avqust 2012 16:45 (UTC+04:00)
Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov iki ölkə arasında diplomatik münasibətlərin 20 illiyinə, ölkəsində avqustun 30-da qeyd edilən Konstitusiya Gününə və nüvə sınaqları əleyhinə beynəlxalq fəaliyyət gününə həsr olunmuş mətbuat konfransı keçirib. APA-nın xəbərinə görə, S. Primbetov Azərbaycan və Qazaxıstanın regional və beynəlxalq xarakterli məsələlərlə bağlı mövqeyinin yaxınlığından bəhs edərək iki ölkənin sosial-iqtisadi, enerji, maliyyə və xarici siyasət sahələrində MDB-də lider ölkələr olduğunu söyləyib: "Ölkələrimiz tərəfdaşlığın və qarşılıqlı faydalı iqtisadi-ticari əməkdaşlığın inkişafı üçün yaxşı potensiala malikdir. Qarşımızda daha geniş əməkdaşlıq üfüqləri açılır". 
Səfir bu gün Qazaxıstanın təşəbbüsü və BMT-nin qərarı ilə təsis olunmuş nüvə sınaqları əleyhinə beynəlxalq fəaliyyət günü olduğunu diqqətə çatdırıb. Hazırda Astanda bu münasibətlə "Nüvə sınaqlarının qadağan olunmasından nüvə silahından azad olmuş dünyaya" mövzusunda beynəlxalq konfrans keçirilir. Konfrans çərçivəsində Qazaxıstanın nüvə silahı ilə bağlı təşəbbüsünə dəstək olaraq beynəlxalq "ATOM" layihəsinə start verilib və layihənin saytı (www.theatomproject.org) yaradılıb. S. Primbetov hər kəsdən bu layihəyə dəstək olmalarını xahiş edib.