Əqli mülkiyyət məhsullarına keçid nəzarət markaları vurulacaq
29 Avqust 2012 18:35 (UTC+04:00)
Müəllif Hüquqları Agentliyi (MHA)
"Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı
mübarizə" haqqında qanunun icrası ilə əlaqədar bir sıra qərar
layihələri hazırlayıb. Bununla əlaqədar olaraq agentliyin sədri
Kamran İmanovun rəhbərliyi altında İşçi Qrup yaradılıb.
Hazırda İşçi Qrup nəzarət markalarının verilməsi,
əqli mülkiyyət hüquqları obyektlərinə beynəlxalq standart
eyniləşdirmə nömrələrinin verilməsi qaydalarının hazırlanması və
nəzarət markalarının verilməsi ilə əlaqədar daxil olan vəsaitin
xərclənməsi ilə bağlı hesabatın dərc olunmasına dair qərar
layihələri üzərində iş aparır.
MHA-nın hüquq şöbəsinin müdiri Xudayat Həsənli
sözügedən məsələ ilə bağlı mətbuata verdiyi açıqlamasında bildirib
ki, qərar layihələri tamamlanmaq üzrədir və bir daha müzakirə
olunaraq razılaşdırmaq üçün aidiyyəti dövlət orqanlarına təqdim
olunacaq. X. Həsənli deyib ki, qanun qüvvəyə mindikdən sonra onun
icra mexanizmi Nazirlər Kabinetinin təsdiq etdiyi qərarlarla
müəyyən olunacaq.
Qərarlar qüvvəyə mindikdən sonra əqli mülkiyyət
bazarında yalnız xüsusi nəzarət markaları vurulmuş malların satışı
həyata keçiriləcək. Onun sözlərinə görə, qanun və qaydalar qüvvəyə
minənədək istehsal olunan satılan mallara keçid nəzarət markaları
vurulacaq.
Bunun üçün keçid dövrü müəyyən olunacaq: "Hazırda
keçid dövrünün nə qədər müddət müəyyənləşdirilməsi müzakirə olunur.
Keçid dövrü başa çatdıqdan sonra həmin məhsullar da xüsusi nəzarət
markaları ilə markalanmalıdır. Nəzarət markalarına müəyyən ödəniş
tələb olunacaq, keçid nəzarət markaları isə pulsuz
veriləcək".