Gəncədə III Azərbaycan-Almaniya biznes forumu keçirilib

30 Avqust 2012 15:41 (UTC+04:00)

Almaniya nümayəndə Gəncədə istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olublar.

Almaniya Federativ Respublikasının Reynland-Pfalz əyalətinin nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Alman-Azərbaycan İqtisadi Birliyinin (DAWF) təşkilatçılığı ilə bu gün Gəncədə III Azərbaycan - Almaniya biznes forumu keçirilmişdir.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan və Almaniya tərəfdən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı və qida sənayesi, maşınqayırma, logistika, tikinti və digər sahələrdə fəaliyyət göstərən 100-ə yaxın iş adamı iştirak edib.
Biznes forumu giriş sözü ilə açan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev üçüncü dəfə Gəncədə təşkil edilən biznes forumun əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, ölkə iqtisadiyyatının dayanıqlı inkişafı xarici invesorların Azərbaycana və onun regionlarına marağını daha da artırıb, Azərbaycan xarici investisiyalar üçün cəlbedici və əlverişli ölkə olmaqla yanaşı, investisiya ixracatçısına çevrilib. Tədbirdə Gəncənin sənaye potensialı, şəhərdə həyata keçirilən irimiqyaslı layihələr və alman iş adamları üçün maraq doğuracaq sahələr barədə ətraflı məlumat verilib.
İqtisadi İnkişaf Nazirliyinin Gəncə-Qazax regional bölməsinin müdiri Arzu Hacıyev, AZPROMO-nun İnvestisiyaların təşviqi departamentinin direktoru Vüsal Abbasov, Almaniyanın Reynland-Pfalz əyalətinin İqtisadiyyat, Ətraf Mühit, Enerji və Xəritəçəkmə Nazirliyinin nümayəndəsi Julia Golomb və DAWF-ın icraçı direktoru Florian Şröder mövcud iqtisadi əlaqələr barədə məlumat verib, əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb, əlaqələrin daha da inkişafında biznes forumların, işgüzar görüşlərin rolunu qeyd ediblər. Almaniyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Volfqanq Mösinger, Rheinhessen əyalətinin Sənaye və Ticarət Palatasının nümayəndəsi Harald Auqter və Mərkəzi və Şərqi Avropa Mərkəzinin nümayəndəsi Roland Johst iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndiyini, son illər Azərbaycan iqtisadiyyatına marağın daha da artığını və ölkəmizin etibarlı tərəfdaş olduğunu bildiriblər.
Sonra Azərbaycanın əlverişli biznes və investisiya mühiti, DAWF ilə əməkdaşlıq, Reynland-Pfalz əyalətinin iqtisadiyyatı və Alman şirkətlərinin fəaliyyəti barədə təqdimatlar keçirilib. Səfər çərçivəsində Almaniyanın Reynland-Pfalz əyalətinin nümayəndə heyəti Gəncədə bir sıra istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olublar.