Alim olmaq istəyənlərə müjdə
30 Avqust 2012 16:52 (UTC+04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) 2012-ci il üçün AMEA və
respublikanın digər elmi müəssisə və təşkilatlarına fəlsəfə doktoru
hazırlığı üzrə doktoranturaya sənəd qəbulunda hansı sənədlərin
tələb olunduğunu açıqlayıb.
AMEA-nın I vitse-prezidenti Arif Həşimovun APA-ya verdiyi məlumata
görə, Nazirlər Kabinetinin qərarına uyğun olaraq, fəlsəfə doktoru
proqramı üzrə doktoranturaya ali təhsili olan, ali təhsil
pilləsinin magistratura səviyyəsini bitirən yaxud təhsili ona
bərabər tutulan, tibbi təhsildə isə həkim və həkim mütəxəssis olan
Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul
olunurlar.
Doktoranturaya qəbul üçün doktoranturanın fəaliyyət göstərdiyi
müəssisənin və ya təşkilatın rəhbərinin adına ərizə, kadrların
şəxsi qeydiyyat vərəqi, tərcümeyi-hal, iş yerindən xasiyyətnamə, 3
ədəd fotoşəkil, iş stajı olanlar üçün əmək kitabçasından çıxarış,
çap olunmuş elmi əsərlərin siyahısı və ya seçilmiş ixtisas üzrə
referat, ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq
qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış
Azərbaycan vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması
haqqında şəhadətnamə) və şəxsiyyəti təsdiq edən sənədin surəti
lazımdır.
Doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici
dildən və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi
üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları
verirlər.
Doktoranturaya sənədlər sentyabrın 1-dən 30-dək qəbul ediləcək.
Qəbul imtahanları oktyabr ayında keçiriləcək.
Doktoranturaya qəbul imtahanlarına buraxılmış şəxslərə Əmək
Məcəlləsinə uyğun olaraq iş yerindən 30 təqvim günü müddətində
ödənişli məzuniyyət verilir. İstehsalatdan ayrılmaqla təhsil alan
bütün doktorantlar təqaüdlə, AMEA-nın elmi müəssisələrinə qəbul
olunanlar yataqxana ilə təmin olunurlar.