Müxalifətin son mitinqi barədə şok faktlar açıqlandı

13 Aprel 2012 20:38 (UTC+04:00)

Məlum olduğu kimi, bir neçə gün əvvəl müxalif düşərgədə yer alan qüvvələrin radikal qanadı bir neçə gün öncə paytaxtın icra hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirdi. Mitinq bir neçə partiya , QHT və digər qurumlar tərəfindən keçirilsə də, bu aksiyaya qatılanların sayı çox az oldu - cəmi 1200 nəfər. Elə bu da radikal düşərgənin sosial baza baxımından çox ciddi problemlər yaşadığını üzə çıxardı.

Lakin bu düşərgənin rəhbərləri, mitinqdə guya kifayət qədər çox insanın iştirak etdiyini və aksiyanın "çox uğurlu" alındığını iddia edirlər. Bunun səbəbləri barədə danışan Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov hakim partiyanın saytına müsahibəsində maraqlı fikirlər səsləndirib: "Biz əvvəlcədən də bəyan etmişdik ki, müxalifətin Azərbaycan xalqı arasında heç bir nüfuzu, sosial bazası yoxdur. Onlar artıq belə demək mümkündürsə, Azərbaycanda siyasətlə məşğul olmurlar, sadəcə olaraq, bütün etdikləri qazanc məqsədilə atılan addımlardır. Aprelin 8-dəki keçirilən aksiya mitinq yox, piket idi. Bu hadisə bir daha sübut etdi ki, bizim dediyimiz sözlər haqlıdır. Bu piket xalqımızın müxalifətə göstərdiyi etimadsızlığın bariz nümunəsidir. Mən əvvəldən axıra qədər həmin piketi müşahidə etdim. Hətta müxalifət o meydanın üçdən birini doldura bilməmişdi. Baxmayaraq ki, çox sayda bayraq gətirib balaca-balaca uşaqların əlinə vermişdilər. Orada əksəriyyət muzdla tutulan insanlar idilər ki, pulları verilmədiyi üçün onlar da həmin meydanı yarımçıq və əsəbi şəkildə tərk etdilər. Biz baş verən bu hadisələrin hamısını müşahidə edirdik. Yəni mitinqin sonuna qədər iştirakçıların az bir hissəsi qaldı ki, onlar da müxalifət rəhbərlərinin qohum-əqrəbası, dost-tanışı, mətbuat orqanlarının nümayəndələri və həmin partiyaların aparatında çalışan insanlar idilər. Bununla bağlı çox sayda sübutlarım var. Piketdə çıxış edən insanları dinləyərkən onların hələ də 1990-cı ilin təfəkküründə olduğu görünür. Yəni cəmiyyət dəyişir, həyat dəyişir, təfəkkür dəyişir, amma Azərbaycanın bu müxalifəti dəyişmir, elə olduğu kimi qalıbdır".

Siyavuş Novruzov müxalif düşərgənin funksionerlər barəsində də diqqət cəlb edən açıqlamalar verib: "Pənah Hüseyn Azərbaycanın ləl-cəvahirat fonduna süpürgə çəkərək qaçıb gizlənmişdi hansısa ot tayasının altında, biz neçə ildən sonra onu güclə tapıb gətirdik. İndi də demokratiyadan danışır. Əli Kərimli isə Kələkidə qaçıb gizlənmişdi, hansı ki, həmin vaxt dövlət katibi vəzifəsini daşıyırdı. İsa Qəmbər hansı dərədə gedib gizlənmişdi bəlli deyildi. Biz Azərbaycanda ictimai-siyasi sabitlik, demokratik mühit yaradandan sonra ortaya çıxdılar. Yəni qoyub qaçmaq onların ənənəsidir və Azərbaycanın taleyüklü məsələləri zamanı həmişə qaçıblar. Bütün bunlar Azərbaycan xalqına bəllidir. Pənah Hüseyn yalan danışır və yalan danışanda heç olmasa üzünə bir ələk tutardı ki, camaat görməsin. Deyir, mitinqdə 10 min adam vardı. Azərbaycan cəmiyyəti görmür ki, sən yalan danışırsan? Təbii ki, bu yalanların hamısını xarici mühit üçün danışırlar, amma Pənah Hüseyn görmədi ki, xaricilər xüsusi aparatla oranı çəkirdilər və həmin aparat da sayı göstərir. Yeni informasiya texnologiyaları var ki, Pənah Hüseynin dediyi sayı deyil, reallığı göstərir. Bir neçə xarici səfirliyin, diplomatik korpusun nümayəndələri çəkiliş aparırdı. Müxalifət rəhbərlərinin isə iştirakçıların sayını artırmaqda məqsədi var. Bu da ondan ibarətdir ki, bu sayı artıq deməklə, xaricdən aldıqları vəsaitin miqdarını artırmaq istəyirlər. Lakin bu cəhdləri iflasa uğradı. Mən orada da dedim ki, bu "mitinqi" təşkil edənlərin hərəsinə bir kəndir lazımdır ki, getsinlər özlərini assınlar. Yəni bu səviyyə ilə, bu cür şişirtmə ilə deyirlər ki, guya, aksiyada 10 min adam vardı. Orada heç min adam yox idi. İkinci tərəfdən, aksiyanın təhlükəsizliyi lazımi səviyyədə təmin olunmuşdu. Biz hər zaman deyirik ki, mitinq keçirmək üçün istənilən şərait yaradılıb və gedin razılaşdırılmış mitinqinizi keçirin. Sadəcə, müxalifət rəhbərləri iflasa uğrayacaqlarını bildikləri üçün qanunsuz mitinqlər keçirməyə çalışırdılar.

Onu da qeyd edim ki, mitinq iştirakçılarının sayı ilə bağlı müxalifətçilərin özləri də ziddiyyətli fikirlər səsləndirirlər. İsa Qəmbər çıxışında təkrar edirdi ki, gələn dəfə hər kəs özü ilə beş nəfər gətirsin. Bu, bazardan toyuq almaqdır, qarpız almaqdırmı? İ.Qəmbər bir tərəfdən deyir ki, Müsavatın minlərlə üzvləri var, digər tərəfdən yalvarır, ilan dili çıxarır ki, söz verirsinizmi ki, gələn dəfə gələndə hərəniz beş nəfər də gətirəcəksiniz? Yəni burada söhbət əsla əqidə, ideologiya məsələsindən gedə bilməz. Sadəcə, sayı çox göstərmək üçün çalışırlar. Bu düşüncə tərzinə malik insanlar Azərbaycanı hansı inkişaf etmiş cəmiyyətə apara bilərlər? Aksiyada o qədər küfr danışdılar ki, axırda göydən onların başına torpaq yağmağa başladı. Nəticə də belə oldu ki, mitinqi yarımçıq qoyaraq dağılışıb getdilər hərəsi bir tərəfə. Heç mitinqin qətnaməsini də axıra qədər oxuya bilmədilər, çünki hamı dağılışmışdı".

Məlumdur ki, Azərbaycanın paytaxtı daha bir möhtəşəm tədbirə ev sahibliyi etməyə hazırlaşır. Gələn ay Bakıda "Eurovision" mahnı müsabiqəsi keçiriləcək və dövlətimiz bu müsabiqəyə ən yüksək səviyyədə hazırlaşmaqdadır. Hətta bir sıra beynəlxalq ekspertlər Bakının ev sahibliyinin bu müsabiqəyə yenilik bəxş edəcəyini, avropalıların paytaxtımızda görülən işlərə heyran qalacağını söyləyirlər. Buna baxmayaraq, müxalifət və onlara dəstək verən bəzi maraqlı qüvvələr bu musiqi yarışmasını siyasiləşdirməyə və yalan informasiyalarla təbliğat aparmağa cəhd göstərirlər. Bu məqamı şərh edən YAP rəsmisi bildirir: "Müxalifət ilk gündən "Eurovision" mahnı müsabiqəsi vasitəsilə dövləti, cəmiyyəti şantaj etmək yolunu tutub. Bu gün də həmin yol davam olunur. Onları da buna təhrik edən bir neçə dövlət var… Bilirsiniz ki, "Eurovision" bir musiqi müsabiqəsidir. Bu tədbirdə insanlar, xüsusilə gənclər gəlib mahnı oxuyurlar, öz qabiliyyətlərini göstərirlər və s. Bu musiqi yarışmasını siyasiləşdirmək, buna siyasi rəng vermək, onu bu və ya digər şəkildə cinayət törətmiş şəxslərlə bağlamaq düzgün deyil".


Səməd CƏFƏROV