Ukraynanın Azərbaycandakı səfiri: “Ukraynanın Ermənistana silah satması haqda xəbərlər saxtadır”
31 Avqust 2012 14:12 (UTC+04:00)
Ukraynanın
Azərbaycandakı səfiri Aleksandr Mişşenko ölkəsinin Ermənistana
silah satması ilə bağlı xəbərləri saxta adlandırıb.
A. Mişşenko APA-ya
açıqlamasında deyib ki, bu informasiya Ukrayna ilə Azərbaycan
arasında münasibətlərə təsir etməyəcək: "Ukraynanın sizə qonşu olan
ölkəyə silah göndərdiyi və göndərməyə davam etdiyi barədə iddialar
həqiqətə uyğun deyil. Ukrayna və Azərbaycan arasında o qədər isti
və şəffaf dostluq münasibətləri var ki, biz heç vaxt heç nəyi gizli
saxlamamışıq".
Səfirin fikrincə, ola bilər ki, bu cür məlumatları ölkələr arasında
mövcud olan münasibətlərdən xoşu gəlməyənlər yaysın: "İki ölkə
arasında yaxşı münasibətlər qurulursa, bundan kiminsə xoşu gəlmir.
Siz bu barədə düşünsəniz, bundan kimin xoşlanmayacağını anlaya
bilərsiniz".
Xatırladaq ki, Ukraynanın Ermənistana 12 ədəd "Smerç" atəş sistemi
və 50 "İqla" kompleksi verdiyi, bundan başqa, Ukraynanın dövlət
müəssisəsi "Ukrinmaş" və Ermənistanın "DG Arms Corporation" QSC
arasında silah-sursat alqı-satqısına dair sövdələşmə olduğu haqda
xəbərlər yayılıb.