Misir Mərdanov əmr imzaladı
31 Avqust 2012 15:22 (UTC+04:00)
Azərbaycanın təhsil naziri Misir Mərdanov
"İstedadlı şagirdlər üçün xüsusi lisey siniflərinə şagird qəbulunun
aparılması barədə əmr verib.
Təhsil Nazirliyindən verilən məlumata görə, əmrin
verilməsində məqsəd Azərbaycan Prezidenti İlham Əliyevin
17.04.2006-cı il tarixli sərəncamı ilə təsdiqlənmiş "Xüsusi
istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının
inkişafı üzrə Dövlət Proqramı"ndan irəli gələn konseptual
xarakterli göstərişlərini rəhbər tutaraq respublikanın şəhər və
rayonlarında istedadı ilə fərqlənən V, VI və VII sinif
şagirdlərinin xüsusi lisey siniflərinə qəbulunun obyektiv və şəffaf
keçirilməsini təmin etməkdir.
Əmrə əsasən, bölgələr üzrə müəyyən olunmuş şəhər
və rayonların qeyd edilən təhsil müəssisələrinin bazasında xüsusi
istedadı ilə fərqlənən şagirdlərin xüsusi lisey siniflərinə qəbulu
ilə bağlı sənəd qəbulu avqust ayı ərzində aparılıb. Şagirdlərin
müsahibə və qiymətləndirmə isə sentyabrın 7-8-də müəyyənləşdirilmiş
məktəblərdə keçiriləcək.
Həmin məktəblər Gəncə şəhəri 27 nömrəli
fizika-riyaziyyat və informatika təmayüllü lisey, Sumqayıt şəhəri
təbiət elmləri təmayüllü gimnaziya, Mingəçevir şəhəri İ.Qayıbov
adına 10 nömrəli tam orta məktəb, Şirvan şəhəri S.Hüseynov adına 1
nömrəli tam orta məktəb, Lənkəran şəhəri S.Kazımbəyov adına şəhər 6
nömrəli tam orta məktəb, Şəki şəhəri 19 nömrəli tam orta məktəb,
Quba rayonu A.Məmmədov adına təbiət fənləri təmayüllü 2 nömrəli
məktəb-lisey, Ağdaş rayonu S.Vurğun adına şəhər 1 nömrəli tam orta
məktəbdir.
Xüsusi lisey siniflərinə şagird qəbulu Azərbaycan
dili və riyaziyyat fənləri üzrə ümumi sayı 50 sual olmaqla
qiymətləndirmə vasitələri əsasında keçiriləcək./trend