Azərbaycanda ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahan keçirilir
2 Sentyabr 2012 15:05 (UTC+04:00)
Bu gün Tələbə Qəbulu üzrə Dövlət
Komissiyası (TQDK) 2012-2013-cü tədris ili üçün ümumi orta təhsil
bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul
imtahanı keçirir.
TQDK-nın mətbuat xidmətindənAPA-ya
verilən xəbərə görə, qəbul imtahanında iştirak etmək üçün 35677
abituriyent ərizə təqdim edib.
Qəbul imtahanı Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki,
Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmaz şəhərlərində
keçirilir. İmtahan bütün binalarda eyni vaxtda, saat 11.00-da
başlayır.
Bakı şəhərində 11978, Naxçıvanda 1390, Gəncədə 4841, Sumqayıtda
2270, Mingəçevirdə 1653, Şəkidə 2210, Ağcabədidə 1251, Göyçayda
2103, Şirvanda 2256, Salyanda 1346, Lənkəranda 2365, Xaçmazda isə
2014 abituriyentin imtahan verəcəyi gözlənilir.
İmtahanın keçirilməsi üçün həmin şəhər və rayonlarda 66 imtahan
binası, 250 imtahan rəhbəri, 2802 nəzarətçi-müəllim
ayrılıb.
Abituriyentlər 1 saat 30 dəqiqə ərzində hər fəndən 15 sual olmaqla
Ana dili, Azərbaycan tarixi və riyaziyyatdan imtahan verəcəklər.
Rus bölməsinin abituriyentləri ana dili fənn bloku daxilində rus
dili fənni ilə yanaşı Azərbaycan dil fənnindən də imtahan
verəcəklər. Həmin abituriyentlərə Azərbaycan dilindən 5, rus
dilindən isə 10 sual təqdim olunacaq.
Qeyd edək ki, cari tədris ili üçün 9 illik (ümumi) orta təhsil
bazasında 662 ixtisas kodu üzrə 47 orta ixtisas təhsili
müəssisəsinə qəbul aparılır. Ayrılmış 10404 plan yerindən 8821-i
Azərbaycan bölməsinə, 32 yer rus bölməsinə, 1551 yer birgə müsabiqə
aparılan ixtisaslara aiddir.