Azərbaycanda miqrasiya orqanlarına qulluğa qəbul ilə əlaqədar test imtahanı keçirildi

2 Sentyabr 2012 15:21 (UTC+04:00)
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirir. TQDK-nın mətbuat xidmətindənAPA-ya verilən xəbərə görə, miqrasiya orqanlarına qulluğa qəbul ilə əlaqədar sənəd qəbulu iyulun 2-dən avqustun 3-dək aparılıb.
İmtahanda iştirak etmək istəyən 392 nəfərin namizədliyi qeydə alınıb.
İmtahanda namizədlərə 100 test tapşırığı təqdim olunacaq. Onlardan 50 sual ümumi qanunvericilik, 20 sual Azərbaycan Respublikasının Konstitusiyası, tarixi və coğrafiyası, 10 sual kompyuter bilikləri və 20 sual məntiq üzrə olan test tapşırıqlarıdır.
Saat 11.00-da başlayacaq imtahan 3 saat davam edəcək. Hər sual bir balla qiymətləndirilir. İmtahan nəticəsində ümumi balı 70 və daha artıq olan namizədlər növbəti mərhələyə buraxılırlar.
İmtahanın nəticələri bu gün TQDK-nın internet saytında (www.tqdk.gov.az) yerləşdiriləcək. Hər bir namizədə sənədlərini təqdim etdiyi Sənəd Qəbulu Komissiyasında imtahan nəticələrinə dair arayış təqdim olunacaq.