Macarıstandan Ramil Səfərovla bağlı bəyanat

2 Sentyabr 2012 16:04 (UTC+04:00)

Macarıstan XİN Ermənistanın diplomatik münasibətləri kəsmək barədə qərarından təəssüflənir.

"Macarıstan Ramil Səfərovun Azərbaycana qaytarılması məsələsində qaydalara uyğun və şəffaflıq ruhunda hərəkət edib". APA-nın məlumatına görə, bu barədə Macarıstan Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Ramil Səfərovun Azərbaycana qaytarılması ilə bağlı sentyabrın 1-də yaydığı birgə bəyanatda bildirilir.
Bəyanatda deyilir ki, Macarıstan rəhbərliyi R. Səfərovun qaytarılması məsələsində 1983-cü ildə qəbul olunmuş məhkumların verilməsi haqqında Strasburq Konvensiyasına əsaslanıb.
"Macarıstan da, onun beynəlxalq tərəfdaşları beynəlxalq hüquqa hörmət edir", - deyə bəyanatda bildirilir.
Bəyanatda Ermənistanın Macarıstanla diplomatik münasibətləri kəsmək barədə qərarından təəssüf də ifadə olunub: "Macarıstan xristian Ermənistanına, erməni xalqına, onun mədəniyyətinə və adət-ənənələrinə hədsiz hörmətlə yanaşır".
Qeyd edək ki, avqustun 31-də Macarıstandan Azərbaycana qaytarılan Ramil Səfərov Azərbaycan prezidentinin əfv sərəncamı ilə azadlığa buraxılıb.
Bununla əlaqədar Ermənistan Macarıstanla diplomatik münasibətləri kəsdiyini bəyan edib.