Azərbaycanlı jurnalistlər Suriya hakimiyyətinə müraciət etdi

3 Sentyabr 2012 12:11 (UTC+04:00)

Tərəfsiz (Parlament) Jurnalistlər Birliyi Suriyada həbs olunan türkiyəli fotomüxbir (TRT) Cüneyt Ünalın dərhal azad buraxılması çağırışı ilə bağlı bəyanat verib. Bu barədə məlumatı təşkilatdan veriblər.

Bəyanatda bildirilir ki, təxminən on gün müddətində Cüneyt Ünaldan heç bir xəbər olmayıb, bunun ardından isə jurnalist telekanallara çıxarılaraq danışdırılıb. Bu zaman onun təzyiq altında olduğu, ciddi işgəncələrə məruz qaldığı açıq hiss edilib: "Suriyada jurnalistlərə qarşı bu şəkildə davranış davam edir. Halbuki jurnalistlər Suriyaya Bəşər Əsədlə müharibəyə getmirlər, onlar öz peşə borclarını yerinə yetirirlər".
Bəyanatda qeyd edilir ki, Cüneyt Ünala verilən işgəncəyə dünyada heç bir jurnalist biganə qalmamalıdır: "Türkiyədən aldığımız məlumata görə, Suriyanın Hələb şəhərində atışma zamanı yaponiyalı jurnalist Mika Yamamoto həyatının itirib, Cüneyt Ünal isə orada əsir götürülüb".
Təşkilat Suriyada jurnalistlərə qarşı baş verən olaylardan üzüntü keçirdiyini və beynəlxalq jurnalist təşkilatlarını, dünyanın nüfuzlu təşkilatlarını bu məsələyə son qoyulması üçün fəal olmağa çağırıb. "Dünyada jurnalistləri biri-birlərinə sahib çıxmalıdırlar".