“Neftçi” dünya klublarının reytinq siyahısında irəliləyib

3 Sentyabr 2012 14:33 (UTC+04:00)
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, ötən ay ölkəmizin dünyanın ən yaxşı 400 klubu siyahısındakı yeganə təmsilçisi olan "İnter" bu dəfə sıralamada yer almayıb. 
Belə ki, Avropa Liqasının II təsnifat mərhələsində mübarizəni dayandırmasından sonra bakılılar cədvəldə uzun müddət qala bilməyiblər.
"İnter"in əvəzinə siyahıya "Neftçi" daxil olub. Bu il Çempionlar Liqasında uduzaraq Avroliqaya keçən və qrupa düşən Böyükağa Hacıyevin yetirmələri 73 xalla 305-ci pilləyə şəriklər sırasında yer alıb. Ötən ay 566-cı olan "ağ-qaralar" buna 261 pilləlik sıçrayış hesabına nail olub.
"Neftçi"nin Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən İtaliya "İnter"i 29-cu, Rusiya "Rubin"i 83-cü, Serbiya "Partizan"ı isə 125-cidir. 400 komandalıq siyahının ilk 3 pilləsində isə dəyişiklik yoxdur. 
İspaniya təmsilçiləri "Barselona" 346 xalla 1-ci. "Real" 293 xalla 3-cüdürsə, Çilinin "Universidad" klubu 317 xalla 2-ci pillədə qərarlaşıb.