Misir prezidentinin sözçüsü İran rəsmisinin iddialarını təkzib etdi

3 Sentyabr 2012 17:25 (UTC+04:00)

Misir prezidenti Məhəmməd Mursinin sözçüsü Yasir Əli dövlət başçısının Tehranda  İranla münasibətlərin inkişafına yönəlmiş danışıqlar aparması ilə bağlı iddiaları təkzib edib. "Media forum" saytının məlumatına görə, Yasir Əli sentyabrın 2-də jurnalistlərə deyib: "Misir prezidenti Məhəmməd Mursinin iranlı həmkarı Mahmud Əhmədinejadla görüşündə iki ölkənin münasibətlərinin bərpası və inkişafına dair hər hansı danışıq aparılmayıb".

Avqustun 30-da jurnalistlərlə görüşən İran xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahiyan Tehranda keçirilən Qoşulmama Hərəkatının zirvə toplantısına qatılan Misir prezidentinin iranlı həmkarı ilə görüşündə iki ölkənin münasibətlərinin bərpası haqda danışıqlar aparıldığını demişdi: "Cənab Mursi və İran prezidenti Mahmud Əhmədinejad Suriyadakı böhranla yanaşı iki ölkənin 1979-cu ildən kəsilən diplomatik əlaqələrinin bərpası məsələsi haqda da müzakirələr aparıb".