Azərbaycan diplomatiyasının uğuru Ermənistanı sarsıdır

4 Sentyabr 2012 08:13 (UTC+04:00)

Danılmaz həqiqətdir ki, Macarıstandan ölkəmizə ekstradisiya olunan Ramil Səfərovun dərhal Azərbaycan prezidentinin sərəncamı ilə əfv olunmasi təcavüzkar Ermənistanın növbəti sarsıdıcı zərbə alması və yeni diplomatik məğlubiyyətə düçar olmasının real göstəricisinə çevrildi. Bu barədə danışmazdan əvvəl qeyd edək ki, Ramil Səfərov həbs olunduğu gündən bütün xalqımız onun ölkəmizə qaytarılması üçün Azərbaycan hökumətinin bütün imkanlardan istifadə etdiyinə və onun taleyini daim diqqət mərkəzində saxladığına tam varlığı ilə inanırdı.

Azərbaycanın qazandığı növbəti diplomatik və mənəvi qələbə məhz bu inamın təntənəsidir. Özü də yalniz Azərbaycanın haqq işinin zəfəri yox, həm də təcavüzkar Ermənistanın siyasi-hüquqi və mənəvi məğlubiyyətidir. Elə bu səbəbdəndir ki, aldığı sarsıdıcı zərbəni həzm edə bilməyən rəsmi İrəvan matəmə qərq olub. Təhlükəsizlik Şurasının təcili iclasını çağıran Ermənistan prezidenti Serj Sarkisyan ölkədə təmsil olunan diplomatik nümayəndəliklərin və beynəlxalq qurumların təmsilçiləri ilə də görüşüb. Düşdüyü acınacaqlı vəziyyətdən ermənisayağı çıxış yolu axtaran Sarkisyan Macarıstanı, Avropa Birliyi ölkələrini və NATO-nu Azərbaycan rəhbərliyi ilə sövdələşmədə ittiham edib. Sərsəm monoloqunun sonunda Sarkisyan Ermənistanın Macarıstanla bütün diplomatik və rəsmi əlaqələri dondurduğunu bəyan edib. Sonda sual-cavablara ehtiyac olmadığını söyləyən Sarkisyan İrəvanın əslində dialoq aparmaq yox, beynəlxalq ictimaiyyətə öz sərsəm monoloqunu sırımaq iddiasinda olduğunu ortaya qoyub. Çünki normal dialoq şəraitində Sarkisyan əslində, onun özünün gecəykən dinc xocalılara qarşı törətdiyi soyqırımı, Ermənistana havadarlıq edən ölkələr tərəfindən erməni terrorçularının qəribə bir canıyananlıqla azadlığa buraxılmasını, məhv edildikdən sonra onların Ermənistanda basdırılmasını və Ermənistanın təcavüzkar siyaysətini ifşa edən sərt suallarla üzləşəcəyini çox gözəl başa düşür. Buna görə də erməniçilik taktikasına sadiq qalan Sarkisyan cəfəng bəyanatlar səsləndirməklə öz missiyasini bitmiş hesab edir. Amma Ermənistanin cinayətkar hakimiyyət rejimi aldığı sarsıdıcı zərbəni ört-basdır etmək iqtidarında deyil. Ermənistanın demək olar ki, bütün siyasi qüvvələri hakimiyyətin beynəlxalq miqyasda məğlub olduğunu və siyasətinin iflasa uğradığını bəyan edirlər. Ermənistanın Xarici Işlər Nazirliyi qarşısında keçirilən mitinqin iştirakçıları isə nazir Edvard Nalbandyanin və Ermənistan iqtidarının istefa verməsini tələb ediblər. Bütün bu məqamlar ondan xəbər verir ki, Azərbaycanın siyasi rəhbərliyinin böyük məharətlə həyata keçirdiyi xarici siyasət kursu nəticəsində Ermənistanin təcavüzkar siyasəti beynəlxalq ictimaiyyət qarşısında ifşa olunur, rəsmi İrəvanın manevr imkanları məhdudlaşır və işğal altındakı ərazilərin azad olunacağı vaxtın tezliklə yetişəcəyini göstərir.

Türkiyə Böyük Millət Məclisinin Milliyyətçi Hərəkat Partiyasından olan millət vəkili, sabiq sənaye və ticarət naziri Ahmet Kenan Tanrıkulu isə bildirir ki, Ramil Səfərovun Azərbaycana gətirilməsi sevindirici xəbər olmaqla yanaşı, qürurvericidir: "Azərbaycanın gerçək qəhrəmanı olan Ramil Səfərovun azadlığı çıxması ilə bağlı azərbaycan xalqını təbrik edirəm. Bu çox sevindirici bir xəbərdir. Bir şey aydın olmalıdır ki, bir millətin müqəddəs dəyəri olan bayrağı ilə ayaqqabı silmək olmaz. Əgər, belə bir hal yaranarsa nəticədə də bu vəziyyət yaranır. Nəhayət ki, haqq öz yerini tapdı. Onu da yaddan çıxarmaq olmaz ki, ermənilərin ASALA qrupu 70-80 ci illərdə 80-dən yuxarı türk diplomatını qətlə yetirdilər və cinayətkarlar müəyyən vaxtdan sonra azadlığa çıxdılar. O zaman bunu qeyd edən yox idi.

Hesab edirəm ki, Ramilin Azərbaycana gətirilməsi Ermənistana böyük bir zərbədir. Hələ bir müddət erməni cəmiyyəti bunun şokundan ayıla bilməyəcək".

Onu da qeyd edək ki, ermənilərin iddialarını əksinə olaraq Macarıstan Azərbaycan Ordusunun zabiti Ramil Səfərov məsələsində beynəlxalq hüququn normalarına və prinsiplərinə uyğun hərəkət edib. Macarıstan Ədliyyə Nazirliyinin yaydığı açıqlamada da bildirilir ki, Ermənistan vətəndaşı Qurgen Markaryanı qətlə yetirdiyinə görə 2004-cü il fevralın 19-da Macarıstanda həbs olunmuş və ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Azərbaycan vətəndaşı Ramil Sahib oğlu Səfərov "Məhkum olunmuş şəxslərin verilməsi haqqında" Strasburq Konvensiyasına (1983-cü il) uyğun olaraq cəzasının qalan hissəsinin çəkilməsi üçün Azərbaycan tərəfinə təhvil verilib.

Nazirlik həm Azərbaycanın, həm də Macarıstanın sözügedən konvensiyaya qoşulduğunu vurğulayıb: "Bu konvensiyada göstərilir ki, tərəflərdən birinin ərazisində məhkum olunmuş şəxs cəzasının qalan hissəsinin çəkilməsi üçün konvensiyanın müddəalarına uyğun olaraq, digər dövlətə verilə bilər. Bunun üçün məhkum hökmü çıxarmış ölkəyə və ya təhvil verilmək istədiyi ölkəyə öz arzusunu bildirə və təhvil verilə bilər. Səlahiyyətli orqanlar dövlətin qərarına uyğun olaraq hökmün icrasını davam etdirə, yaxud hökmü məhkəmə yolu ilə və ya inzibati qaydada dəyişə bilərlər. Azərbaycanın Ədliyyə Nazirliyi tərəfindən bildirilib ki, Ramil Səfərovun işi məhkum olunmuş şəxslərin verilməsi haqqında konvensiyada göstərilmiş şərtlərə uyğun olduğundan bu gün o, Macarıstan Ədliyyə Nazirliyi tərəfindən Azərbaycana təhvil verilib. Konvensiyaya uyğun olaraq hökmün icrası dövlətin qanunvericiliyi ilə tənzimlənir və bu dövlət bütün zəruri qərarları qəbul etməkdə səlahiyyətlidir. Macarıstan Ədliyyə Nazirliyinin açıqlamasında deyilir ki, rəsmi Budapeşt sözügedən konvensiyaya uyğun olaraq 2010-cu ildə 11, 2011-ci ildə 7, 2012-ci ildə 8 məhbusu digər ölkələrə təhvil verib.