Bakı Tikiş Evi məktəbli formalarının qiymətinin qalxması barədə xəbərlərə aydınlıq gətirib
4 Sentyabr 2012 18:32 (UTC+04:00)
Bakı Tikiş Evi (BTE) məktəbli
formalarının bahalaşması ilə bağlı yayılan məlumatlara münasibət
açıqlayıb. BTE-nin direktoru Fədail Rəhimov APA-ya deyib ki, Bakı Tikiş Evinin
mağazalarında qiymət artımının olması barədə məlumat doğru deyil:
"BTE-nin bütün mağazalarında 10 qəpik olsa belə, qiymət artımı ola
bilməz. Hansı dükanda qiymət artımı ilə bağlı məlumatlar varsa,
bizim "qaynar xətt"ə - 597 45 39 nömrəsinə zəng edə bilərlər. Bu
söhbətlərin yayılmasının səbəbi nədir? Müxtəlif yerlərdə saxta
malları BTE-nin malları adı altında satırlar. Əvvəl bu malları 5-10
manat ucuz qoyurdular. İndi görürlər ki, camaat bu malların saxta
olduğundan şübhələnir, bir az da qiymətini artırırlar. BTE-nin
özündə 26-38 ölçüdə məktəbli kostyumu 30 manatadır. Tək-tək alanda,
şalvar 10 manat, pencək 20 manat, köynək 5 manat, sviter isə 5
manatdır. Bununla da, həmin ölçüdə məktəbli dəstlərinin qiyməti 40
manat olur. Bütün dükanlarda bu qiymətlər yazılı şəkildə divarlara
vurulub.
40-46 ölçüdə olan məktəbli kostyumu 35, köynək 5, sviter 5
manatdır. Məktəbli dəstinin ümumi qiyməti 45 manata çıxır. VII-XI
siniflər üçün isə 50 ölçüyə qədər məktəbli kostyumu 40 manat,
köynək 7 manat, sviter isə 6 manatdır. Dəstin ümumi qiyməti 53
manat başa gəlir. Biz bununla əlaqədar bütün əlaqədar dövlət
qurumlarına müraciət eləmişik. Təəssüf ki, hər yeri saxta mallarla
doldurublar".
BTE-nin məktəbli geyimlərinin ucuzlaşdırılması ehtimalına gəlincə,
F. Rəhimov deyib ki, bu məhsulların parçasından tutmuş düyməsinə,
astarına qədər Türkiyədən gətirilir: "Bu məhsulları İrandan, Çindən
gətirsək, qiyməti 10-12 manat ucuzlaşdıra bilərik. Əlavə dəyər
vergisi, gəlir vergisi də veririk. Yenə də deyirəm, biz bu
məhsulların üzərinə 5 faizdən artıq gəlir qoymuruq. Bir kostyumu 30
manata satırıq. Başqa ölkələrlə müqayisə edin, görün kim bizdən
ucuz satır? Bazarlarda isə bizim adımız yazılan həmin kostyumları
baha qiymətə satırlar".