Azərbaycan güləşçisi dünya çempionu oldu

4 Sentyabr 2012 20:16 (UTC+04:00)
TaIlandın Pattaya şəhərində güləş üzrə gənclər arasında dünya çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, birinciliyin ilk günü Azərbaycan yığması uçun uğurlu olub. 
Belə ki, yunan-Roma güləşçilərinin mübarizəsində 50 kq çəki dərəcəsində millimizin üzvü Murad Bazarov dünya çempionu adını qazanıb. 
O, "qızıl"a gedən yolda irlandiyalı Aşkan Həsən Qolikiani (1:0; 4:0), koreyalı Hyeok Jin Jeonu (1:0; 4:0), türkiyəli Tolqahan Karataşı (1:0, 2:0) və israilli Andrey Tsaryuku (0:2, 1:0, 1:0) yarışdan kənarlaşdırıb. 
Həlledici görüşdə təmsilçimizin rəqibi rusiyalı Artur Labazanov olub. Yeniyetmələrin I Sinqapur Olimpiadasının qalibi Bazarov ilk hissəni 0:1 hesabı ilə uduzsa da, ardıcıl – 2:0 və 1:0 hesabı ilə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 
Təəssüf ki, ondan fərqli, bu gün döşəyə çıxan digər yunan-Roma güləşçilərimiz – Rövşən Tağıyev (50 kq), Şamil Ertuqanov (74 kq) və Abas Abdullayev (96 kq) mükafatçılar sırasına düşə bilməyiblər. 
Qeyd edək ki, birincilik sentyabrın 11-nə kimi davam edəcək.