Azərbaycanın 2 voleybol komandası birləşib

4 Sentyabr 2012 20:39 (UTC+04:00)
"Bakı" voleybol klubunun taleyinə aydınlıq gəlib. Bu barədə məlumatı apasport.az saytına klubun vitse-prezidenti Tunc Afşar verib.
Dağılmaq təhlükəsi ilə üzləşən paytaxt təmsilçisi ən azından adını yaşadacaq. Belə ki, Super Liqanın bürünc mükafatçısı digər Bakı klubu "Azəryolservis"lə birləşməyə qərar verib.
Nəticədə cəmi 7 komandanın mübarizə apardığı Azərbaycan çempionatında klublardan biri də azalıb. Yeni mövsümdən "Bakı" və "Azəryolservis" bir ad altında - "Bakı-Azəryolservis" kimi mübarizə aparacaq.
Afşar bildirib ki, artıq yeni transferə də ehtiyac qalmayıb: "Bildiyiniz kimi, "Azəryolservis" heyətini formalaşdırıb. Bundan sonra isə yeni voleybolçu çox və ya heç olmayacaq. Çünki onlar məşqlərə də başlayıblar. Yeni komanda kimi isə təlim-məşq toplanışı Azərbaycan yığmasının qarşıdakı 2 həftədəki oyunlarından sonra start götürəcək. Biz isə artıq bütün voleybolçularla vidalaşmışıq və onlar özlərinə yeni komanda tapacaqlar".
Apasport.az saytının daha bir ehtimalının özünü doğrultması üçün bir həftə də çox oldu. Çünki bizim yazdığımız kimi CEV kubokunda iştirak etməli olan "Bakı" yarışdan imtina edəcəyi halda, ciddi sanksiyalar və pul cərimələri ilə cəzalandırılacaqdı.
Bunu yaxşı başa düşən komanda rəhbərliyinin belə addım atması başa düşüləndir. Apasport.az saytının yazdığı kimi, artıq avrokubokda da ölkəmizi "Bakı-Azəryolservis" təmsil edəcək. Bu isə o deməkdir ki, Azərbaycan Voleybol Federasiyası və klub Avropa Voleybol Konfederasiyası tərəfində cəzalanmayacaq.
Həm də, "Bakı" bununla özünü sığortalamış olacaq. Çünki ötən il "Çelenc Cup"ın finalına kimi irəliləyən paytaxt təmsilçisi yenidən ayrılmaq xülyasına düşsə və Super Liqada yer tutsa, beynəlxalq turnirlərə qatıla bilsin.
Qeyd edək ki, ötən mövsüm də başlamamış "Şirvan" klubu tarixin yaddaşına köçmüşdü.