İlham Əliyev ən layiqli namizəddir

5 Sentyabr 2012 08:38 (UTC+04:00)

"Siyasi partiyaların mübarizəsini son məqsədi hakimiyyətə gəlməkdir. Əlbəttə, bu, bələdiyyə seçkilərində də, Milli Məclisə deputat seçkilərində də, prezident seçkilərində də özünü göstərir. Hər bir partiya öz üzvlərinin ən layiqlisini ortaya çıxarır və onun namizədliyini irəli sürür ki, o daha çox reytinqə malikdir, daha çox səs toplaya bilər". Bunu Milli Məclisin (MM) Sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) üzvü Hadi Rəcəbli Gün.Az-a müsahibəsində qeyd edib: "Məntiqi olaraq sual çıxır: Yeni Azərbaycan Partiyasında belə adamlar kimlərdir? 1, 2, 3, 5 adam saya bilərik. Onların içində ən layiqlisi kimdir?

Bax, məsələni bu cür qoymaq olar. Ən layiqli kimdir? Əlbəttə, bu gün layiqli adamlar bizim partiyanın içərisində tapmaq olar, köhnələrlə yanaşı, yeni, daha gənc fəallarımız da var. Onların keyfiyyətlərini də ümumiləşdirməliyik, baxmalıyıq. Məsələn, akademik Ramiz Mehdiyev ağsaqqaldır, təmkinlidir.

Spiker Oqtay Əsədov istehsalat yönümlüdür, zirəkdir, Milli Məclisi bilir, Mehriban xanım Əliyeva dünyəvi bir siyasətçidir, qadındır, fenomendir, yüksək liderlik keyfiyyətlərinə malikdir, böyük şəxsiyyətdir. Başqa adamların da adını çəkmək olar.

Amma mən peşəkar siyasətçi kimi bütün bunların içərisindən İlham Əliyevi seçirəm. "Nə üçün" sualına da dərhal cavab verirəm. İlham Əliyev, birincisi, artıq 10 ilə yaxındır ki, özünü ən yüksək elitar siyasətçi məziyyətləri ilə göstərib. O, özünü təsdiqləyib, çevik, ağıllı, hərtərəfli, yaradıcı, mütərəqqi düşünən, kim nə deyir-desin, bütün hallarda demokratik düşüncə tərzinə malik olan müasir liderdir. Hələ bir neçə il bundan öncə məşhur qırğız yazıçısı Çingiz Aytmatov onun haqqında demişdi: "İlham Əliyev qloballaşan dünyamızın lider etalonudur".

Bunu Çingiz Aytmatov kimi dünya şöhrətli, görüb-götürən, müdrik bir adam deyib. Bu gün bu, faktdır. Bundan biz kənara çıxa bilmərik. Amma bu, birmənalı belədir və bu danılmaz bir faktdır. Cənab İlham Əliyev bütün sadaladığımız kadrların içərisində ən layiqlisidir. Yeni Azərbaycan Partiyasının kənardan düşünülə bilən namizədləri içərisində ən layiqlisidir.

İlham Əliyev xarizması artıq dünya siyasi elitasında və ölkədə formalaşıb. Bu şəxsiyyət elə bir intibah dövrünü yaşayır ki, bundan sonra da uzun illər Azərbaycana rəhbərlik etmək iqtidarında və qabiliyyətindədir. Ona görə də düşünürəm ki, bu məsələ hələ gündəmdə olmasa belə, mənim üçün peşəkar siyasətçi kimi İlham Əliyev ən layiqli namizəddir.

İlham Əliyev heç bir partiyanın üzvü olmasaydı, mən onun namizədliyini verərdim. İlham Əliyev xalqın etimadını qazanıb, cəmiyyətdə də nüfuz sahibidir, işgüzardır, bacarıqlıdır, ağıllıdır. Bunlar hamısı İlham Əliyevin namizədliyini diktə edir. Əgər bir partiya olaraq qələbə qazanmaq istəyiriksə, İlham Əliyevlə seçkiyə getməliyik".