Əhali daha yüksək sürətli internetlə təmin olunacaq
13 Aprel 2012 11:57 (UTC+04:00)
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Bakı
şəhəri və respublikanın bölgələrində əhalinin genişzolaqlı internet
və digər müasir rabitə xidmətləri ilə təmin edilməsinə dair
aidiyyəti birlik və müəssisələrin rəhbərlərinin iştirakı ilə geniş
tərkibdə müzakirə keçirilib.
RİTN mətbuat xidmətindən verilən məlumata görə, müzakirədə Rabitə
və İnformasiya Texnologiyaları naziri Əli Abbasov 2015-ci ilə qədər
və sonrakı dövrdə əhalinin yüksək surətli və keyfiyyətli
genişzolaqlı internet xidmətləri ilə təmin edilməsi üçün rabitə
birlik-müəssisələri tərəfindən aparılan işlərin
genişləndirilməsinin vacibliyini vurğulayıb. Nazir mövcud
vəziyyəti, sürətlə artan tələbatı nəzərə almaqla əsaslandırılmış
layihələrin hazırlanmasının və həyata keçirilməsinin, eyni zamanda
bu işdə özəl şirkətlərin iştirakının vacibliyini qeyd edib.
İlkin mərhələdə ATS-lərin yerləşdiyi kənd və qəsəbələrə fiber-optik
kabellərin çəkilməsi və müvafiq avadanlıqlarla təchiz edilməsi
işlərinin tam başa çatdırılması məqsədəuyğun sayılıb. Eyni zamanda
digər kənd və qəsəbə yaşayış məntəqələrinin də optik kabellərlə
əhatə olunması, yerli əhalinin genişzolaqlı xidmətlərlə təmin
edilməsi və beləliklə respublika üzrə "Hər evə optika" prinsipi
əsasında qurulan yüksək sürətli multimedia şəbəkəsinin
əsaslandırılmış layihəsinin hazırlanmasının vacibliyi vurğulanıb.
Bundan başqa, müzakirələrdə Bakı şəhərində əhalinin genişzolaqlı
xidmətlərə tələbatının tam ödənilməsi üçün yeni texnologiyaların
tətbiqinin genişləndiriməsinə dair zəruri tədbirlərin görülməsi
qeyd olunub. Bu işlərə özəl sektorun aktiv cəlb olunmasının
vacibliyi, onlara güzəştli şərtlərlə yeni imkanların yaradılması,
genişzolaqlı internet xidmətlərinin inkişaf etmiş ölkələrin
göstəricilərinə yaxınlaşdırılması istiqamətində aidiyyəti üzrə
əlavə tapşırıqlar verilib.