Ermənilərin növbəti saxtakarlığı üzə çıxıb - FOTOLAR

5 Sentyabr 2012 14:18 (UTC+04:00)

Ermənilər Laçın rayonunun Mirik kənd sakini Rəhim Murtuzayevin müəllifi olduğu əsərlərə sahib olmağa çalışırlar. 

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılovun Lent.az-a verdiyi məlumata görə, Rəhim Murtuzayevin bütün əl işləri haqqında məlumatlar və görüntülər 1980-ci illərin dövrü mətbuatında kifayət qədər işıqlandırılıb. 
Rəhim Murtuzayevin saxladığı sənədlər və şahid ifadələri vətəndaşın işğal altında qalmış bu əl işləri üzərində müəlliflik hüququnun olduğunu tamamilə təsdiq edir. Bu əsərlər eyni zamanda Azərbaycanın milli-mədəni dəyərləri hesab olunur. Rəhim Murtuzayev Laçın rayonunun Mirik kəndində anadan olub, 1992-ci ilin may ayına qədər orada yaşayıb. Əsas fəaliyyəti yerli daşlardan müxtəlif məişət əşyaları (Su novu, bardaq, bulaqların inşasında istifadə olunan bədii daşlar və s.) eyni zamanda insan fiqurları və baralyeflər yonub düzəltmək olub.

Onun sənəti həmyerliləri tərəfindən sevilərək həmişə yüksək qiymətləndirilib və bəyənilib. Rəhim Murtuzayevin əl işlərinin inkişafı üçün yaşadığı rayonun icra strukturları tərəfindən ona daim qayğı göstərilib. Rəhim Murtuzayevin əl işləri özünəməxsusluğu ilə həmişə fərqlənib, o heç kimi təqlid etməyib, əsərlərini kiminsə əsərlərinin bənzəri kimi yaratmayıb. Onun əsərlərinin süjet xətti Azərbaycan xalq nağıllarına və Azərbaycanın yazıçı və şairlərinin əsərlərinə illüstrasiya xarakteri daşıyır. Ümumiyyətlə, bu əsərlərin yaranması bütünlüklə Azərbaycanın milli-mədəni dəyərlərindən qaynaqlanıb. Rəhim Murtuzayevin əsərlərinin analoqu nə Azərbaycan Respublikasında və nə də digər ölkələrdə millətlərdə və xalqlarda yoxdur. Rəhim Murtuzayevin əsərləri haqqında məlumatlar və onun əsərlərinin görüntüləri Azərbaycanda nəşr olunan bir çox qəzet və jurnallarda, o cümlədən Sovet dövrü Laçın rayonunda nəşr olunan "Laçın" qəzetinin 13 iyul 1989-cu il tarixli №78-ci il sayında dərc olunub.
1992-ci il işğalından dərhal sonra Ermənistan dövlət rəhbərlərinin göstərişi ilə işğal edilmiş Azərbaycan ərazilərindəki inzibati yaşayış mərkəzlərindən Azərbaycan xalqqına məxsus muzey eksponatları və digər bədii nümunələr toplanıb və Laçın şəhərinin mərkəzində, 1992-ci ilin may ayına qədər azərbaycanlılar tərəfindən inşa edilmiş univermaq binasında muzey yaratmaq haqqında qərar verilib. Ermənilər bu materialları toplayarkən Mirik kəndindən də Rəhim Murtuzayevə məxsus; Azərbaycanın xalq qəhrəmanı Cavidanın və Azərbaycan xalq şairi Füzulinin "Fərhad və Şirin" əsərinə ittihaf etdiyi Fərhadın baralyefləri də götürərəkbu binaya gətirib və burada sərgiyə qoyublar. Bununla da Ermənistan Respublikası "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasının, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il Konvensiyasının, eləcədə YUNESKO-nun Ali Konvensiyası tərkibinə daxil olan ölkələrə mədəni tarixi dəyərlərin qorunması haqqında tövsiyələri (1972-ci il) adlı sənədlərdən irəli gələn tələbləri pozub.
Bu məsələ ilə bağlı Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılovun rəhbərliyi ilə Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına avqustun 25-də Avropa İnsan Hüquqları Məhkəməsində Ermənistana qarşı məhkəmə iddiası qaldırılıb.