Regionlarda insan alverinə qarşı tədbirlərə start verilib

13 Aprel 2012 22:45 (UTC+04:00)
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə regionlarda insan alverinə qarşı aksiyalara start verilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, "İnsan alverinə yox deyək!" devizi  ilə Saatlı və Hacıqabul rayonlarında keçirilən tədbirlərdə 400 nəfərə yaxın yeniyetmə və gənc iştirak edib. Gənclərə əlavə məlumat üçün maarifləndirici çap materialları da paylanılıb. Mədəni-kütləvi aksiyalarda Azərbaycan estradasının gənc müğənniləri insan alverinə qarşı şüarlar səsləndirərək gəncləri bu yolda diqqətli olmağa çağırıblar. Qeyd edək ki, aksiyalar Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı"na  (2009-2013-cü illər) və Gənclər və İdman Nazirliyinin iş planına uyğun olaraq keçirilib. Aksiyalar aprel ayı ərzində Salyan, Neftçala, Beyləqan və Ağcabədi rayonlarında davam etdiriləcək.