LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”

19 May 2015 08:08 (UTC+04:00)

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) 2015-ci ilin 1-ci rübünün nəticələrini açıqlayıb. Fonddan verilən məlumata görə, 1-ci rübdə fiziki şəxslərin əmanətləri 12 artaraq artaraq 7,5 milyard manat təşkil edib və bunun 4,1 milyard manatı qorunan (2014-cü ilin 1-ci rübünə nisbətən 33,2 faiz çox), 3,4 milyard manatı qorunmayan əmanətlərdir (2014-cü ilin 1-ci rübünə nisbətən 5,4 faiz).

Hazırda Fonda üzv banklar 6.985.590 əmanətçiyə xidmət göstərir və onların 6.257.920 nəfəri (89,6 faiz) qorunan əmanətçidir. Qorunan əmanətlərin 52 faizi ABŞ dollarının, 44 faizi manatın, 4 faizi avronun payına düşür. Hazırda Fondun sığorta ehtiyatları 99 milyon manat təşkil edir.

Fondun sərbəst vəsaitlərinin idarə edilməsi Fondun investisiya siyasətinə uyğun olaraq həyata keçirilir. Manatda olan vəsaitlər 83 milyon manat məbləğində dövlət qiymətli kağızlarında yerləşdirilib və orta hesabla illik gəlirliliyi 4,3 faizdir. Fondun 5 milyon avro vəsaitini "Deutsche Asset & Wealth Management International" şirkəti idarə edir. Fondun gəlirləri 5,9 milyon manat olub, bunun 5 milyon manatını sığorta haqları, 867 min manatını faiz gəlirləri təşkil edib. Fondun cəmi xərcləri 386 min manat olub.

Xatırladaq ki, manətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının 23 fevral 2015-ci il tarixdə keçirilən növbədənkənar iclasında qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinin 9 faizdən 12 faizə qaldırılması barədə qərar qəbul edilib. Yeni qərar təkcə həmin tarixdən sonra qoyulacaq əmanətlərə deyil, həmin tarixədək banklarda olan əmanətlərə də şamil edilib. Daha dəqiqi, 2013-cü il avqustun 1-dən etibarən banklara qoyulan, 12 faizədək olan bütün əmanətlər qorunur.

Xatırlatmaq lazımdır ki, Fond "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının 29 dekabr 2006-cı il tarixli Qanunu və Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2007-ci il tarixli fərmanına əsasən, qeyri-kommersiya təşkilatı kimi yaradılmış və 2007-ci il avqustun 12-dən fəaliyyətə başlamışdır. "Əmanətlərin sığortalanması haqqında" qanun Azərbaycanda fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin kollektiv icbari sığortalanması sisteminin yaradılması və fəaliyyəti, o cümlədən əmanətlər üzrə kompensasiya ödənilməsi qaydalarını müəyyən edir. Qanunda göstərilir ki, əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir.

Fond beynəlxalq təcrübədə mövcud olan ən sadə mandata - "paybox" mandatına malikdir. Yəni ADİF-in əsas funksiyası iştirakçı banklardan sığorta haqları yığmaqla sığorta ehtiyatlarını formalaşdırmaq və hər hansı bankda sığorta hadisəsi baş verdikdə əmanətçilərə qorunan əmanətlər üzrə kompensasiya ödəməkdir. Əldə olunan bütün mənfəət sığorta ehtiyatlarının artırılmasına, cari xərclərin ödənilməsinə yönəldilir. Fiziki şəxslərin əmanətlərinin cəlb edilməsi üçün bank lisenziyasına malik bütün banklar və xarici bankların yerli filialları ASF-nin məcburi iştirakçılarıdır.

Məlumat üçün onu da bildirək ki, ilk dövrdə ölkədə fiziki şəxslərdən əmanətlər cəlb etmək hüququna malik olan, habelə Mərkəzi Bankın kapitala olan normativ tələblərini yerinə yetirən 37 kommersiya bankı Fondun üzvlüyünə qəbul edilmişdi. Hazırda Fonda üzv bankların sayı 42-dir. Ümumilikdə, fiziki şəxslərin əmanətlərinin cəlb edilməsi üçün bank lisenziyasına malik olan bütün banklar və xarici bankların yerli filialları Fondun məcburi iştirakçılarıdır. İştirakçı bankların Azərbaycan Respublikası ərazisindən kənarda yerləşən filiallarındakı əmanətlər Fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir.

Banklarda sığorta hadisəsi baş verdikdə Fond ölkə qanunvericiliyə uyğun olaraq, kompensasiya ödənişlərini həyata keçirir. Sığorta hadisəsi baş verdikdə kompensasiya milli valyutada olan əmanətlərə anatla, həm milli, həm də xarici valyutada olan əmanətlərə manatla, ABŞ dolları və avroda olan əmanətlərə həmin valyutalarda, digər valyutalarla olan əmanətlərə sığorta hadisəsi baş verən günə Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən çarpaz məzənnə ilə hesablanmış ABŞ dolları və ya avro ilə ödənilir. Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir.

Əmanətlərin Sığortalanması Fondu ali idarəetmə orqanı - Himayəçilik Şurası və icra orqanı - İcraçı direktor tərəfindən idarə olunur. Himayəçilik Şurası yeddi nəfərdən ibarətdir: onun tərkibinə Mərkəzi Bankın üç nümayəndəsi, müvafiq icra hakimiyyəti orqanlarının iki nümayəndəsi və iştirakçı bankların təqdimatı ilə onların iki nümayəndəsi daxildir. Fondun icraçı direktoru Himayəçilik Şurası tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad edilir. İcraçı direktorun səlahiyyət müddəti beş ildir və təkrar müddətə təyin edilə bilər.

Fond hüquqi şəxsdir, qeyri-kommersiya təşkilatıdır və öz əmlakının mülkiyyətçisidir. Fond, üzərində öz adı olan möhürə, habelə Mərkəzi Bankda və bu Qanunla müəyyən olunmuş qaydada digər banklarda hesablara malikdir. Fondun əsas məqsədi mənfəət götürmək deyil və onun fəaliyyəti nəticəsində əldə etdiyi bütün mənfəət sığorta ehtiyatlarının artırılmasına yönəldilir. Dövlət və Mərkəzi Bank Fondun öhdəlikləri üzrə, Fond isə dövlətin və Mərkəzi Bankın öhdəlikləri üzrə məsuliyyət daşımır.

Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər. Sığorta haqları banklar tərəfindən ödənilir. Bütün üzv banklar sığorta haqlarını müntəzəm ödəməlidirlər. Üzv banklarda illik 12 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər isə fond tərəfindən sığorta olunmayacaq və buna görə kompensasiya ödənilməyəcək.

Bundan başqa, adsız depozit sertifikatlarının yerləşdirilməsi yolu ilə cəlb edilmiş pul vəsaitləri, bankın ölkə ərazisindən kənarda açılmış bölmələri tərəfindən cəlb olunmuş əmanətlər, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı şübhəli əməliyyatlar nəticəsində qanunvericiliyə müvafiq qaydada müəyyən edilmiş əmanətlər, cinayət törədilməsi nəticəsində yaranması məhkəmə qərarı ilə təsdiq edilmiş əmanətlər, üzərinə həbs qoyulmuş əmanətlər, cəlb edildiyi günə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının Mərkəzi Bank ilə razılaşdırmaqla müəyyən etdiyi həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər, fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri, fiziki şəxslərin bankın vəkalətli idarəetməsində olan pul vəsaitləri, ödəniş müddətlərinin, başa çatıb-çatmamasından asılı olmayaraq, əmanətçinin banka olan borcunun əsas məbləği və faizləri həcmində əmanəti, bank qarşısında öhdəliklərin təminatı olan əmanətlər fond tərəfindən sığortalanmır və iştirakçı bankda sığorta hadisəsi baş verdikdə onlara görə kompensasiya ödənilmir.

Bununla bərabər, əmanətləri fond tərəfindən sığortalanmayan və iştirakçı bankda sığorta hadisəsi baş verdikdə onlara görə kompensasiya ödənilməyən əmanətçilər də var. Belə ki, Bankın Müşahidə Şurasının, Audit Komitəsinin, İdarə Heyətinin üzvləri və onların yaxın qohumları, bankın 10 və daha çox səsvermə hüququ verən səhmlərinə malik olan şəxslər və onların yaxın qohumları, kompensasiyaların ödənilməsi barədə elanın ilk dəfə dərc edildiyi tarixdən əvvəlki təqvim ili ərzində bankın auditini keçirmiş kənar auditorlar sığortalanmayan əmanətçilər hesab olunurlar.

Kompensasiya almaq qaydasına gəlincə, əmanətçi yazılı ərizə ilə fonda müraciət etməli, ərizədə əmanətin qoyulduğu bankın adı, əmanətin məbləği, hansı valyutada qoyulduğu, əmanətçinin özü barədə məlumat, əmanətin ümumi həcmi və kompensasiyanı hansı formada almaq istədiyi göstərilməlidir. Ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənəd, şəxsiyyəti təsdiq edən sənəd, əmanətçinin nümayəndəsi müraciət etdikdə onun notariat qaydasında təsdiq olunmuş etibarnaməsi əlavə edilməlidir. Əmanətçi kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən bir il müddətində fonda ərizə ilə müraciət edə bilər. Əmanətçiyə kompensasiya ərizənin verildiyi tarixdən etibarən 90 gün müddətində fond tərəfindən ödənilir.

Ümumilikdə, qorunan əmanətlərin yuxarı hədd faizinin 12-yə qaldırılması manatın devolvasiyasından sonra əmanətçilər arasında ajiotajı aradan qaldırmaq və bank sektoruna etimadı gücləndirmək baxımından səmərəli nəticələr verir.

S.Mustafayev

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən ayrılan maliyyə vəsaiti çərçivəsində çap olunub.