“İki qardaşın arasında heç kəs dura bilməz”

6 Sentyabr 2012 16:40 (UTC+04:00)
"İranla Azərbaycanın dövlət rəhbərləri arasında heç bir problem yoxdur". APA-ın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə İran İslam Respublikasının vitse-prezidenti, İran Mədəni İrs və Mədəniyyət Təşkilatının sədri Seyid Həsən Musəvi ilə görüşündə deyib. QMİ sədri Azərbaycanla İran arasında münasibətlərin dərin olduğunu vurğulayıb: "Ortada bəzi aravuranlar var. İnşallah, onlar da doğru yola gələrlər. İran və Azərbaycan qardaş dövlətlərdir".
A.Paşazadə QMİ ilə İran arasında münasibətlərin həmişə yaxşı olduğunu, bundan sonra da belə davam edəcəyini bildirib. 
Seyid Həsən Musəvi isə iki dövlətin dost və qardaş olduğunu qeyd edib: "Mən prezident İlham Əliyevlə görüşdə İranın dost və qardaş mesajlarını çatdırdım. İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. İki qardaşın arasında heç kəs dura bilməz. Biz Azərbaycanı prinsipial məsələlərdə dəstəkləyirik. İran dövləti və xalqı Şeyxülislam Allahşükür Paşazadəni çox istəyir".