Azərbaycan Yunanıstan adalarını satın ala bilər

7 Sentyabr 2012 08:31 (UTC+04:00)

Artıq bir neçə ildir ki, Neft Fondu "qara qızıl"dan gələn vəsaitlər hesabına xaricdə müxtəlif mülk və daşınmaz əmlak alır. Fond tərəfindən bu istiqamətdə addımlar Gürcüstan, Türkiyə, Ukrayna və bir sıra digər Şərqi Avropa ölkələrində atılıb. Belə bir vaxtda təkliflər səsləndirilir ki, əgər Yunanıstan bəyan etdiyi kimi Aralıq və Egey dənizindəki adalarını satışa çıxararsa, Azərbaycanın həmin adaların bir qismini alması məqsədə müvafiq olardı.

Bildiyimiz kimi, hazırda Yunanıstan ciddi maliyyə böhranı içindədir. Ölkə uzun müddətdir ki, iqtisadi cəhətdən daim geriləyir. Belə halda Afina hökuməti problemdən çıxmaq üçün müxtəlif yollar arayır. Həmin yollardan biri də Aralıq və Egey dənizlərindəki Yunanıstana məxsus adaların satılmasıdır. Artıq yunan hökuməti bu istiqamətdə addım atmağı düşünür. Belə bir halda Neft Fondu və ya özəl sektor da həmin adaların alınmasına girişə bilər. Yunanıstana məxsus həmin adaların yerləşdiyi ərazinin turizm baxımından böyük potensialının olduğunu nəzərə alsaq, Azərbaycanın satılan adaları alması istər-istəməz müəyyən dividend gətirər. Görəsən, bu məsələyə ekspertlərin münasibəti necədir?

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Samir Əliyev Azərbaycanın Neft Fondunun vəsaitləri hesabına Yunanıstanın satışa çıxardığı adaları almağa müsbət yanaşdı, amma ehtiyatı əldən verməmək şərtilə: "Öncə bu istiqamətdə prosesin gələcəkdə nələr vəd etdiyi aydınlaşmalıdır və yalnız bundan sonra qərar qəbul etmək olar. Əslində Neft Fondunun Yunanıstanda bir sıra adaları satın alması fikri cəlbedicidir. Bildiyiniz kimi, hazırda Avropada böhrandır, pula ehtiyacı var. Azərbaycanın isə hazırda pulu vardır. Ona görə də nədən Azərbaycan mövcud vəziyyətdən istifadə edib, Yunanıstanın satmaq istədiyi adaları icarəyə götürməsin və ya almasın? Güman ki, onlar bunu nəzərdə tutublar. Lakin məsələ ondadır ki, sabah Avropada vəziyyətin necə olacağını dəqiq dəyərləndirmək çətindir. Həmin ərazi partladılması ləngidilən mina rolunu oynayır. Bununla belə Neft Fondu pul qismində yatırılan vəsaitləri istənilən vaxt lazım olan yerə yönəldə bilər. Amma hər hansı bir adanın alınmasında daha çox ölü kapitaldan istifadə olunur. Yəni vəsait tələb olunacağı təqdirdə adaya yatırılan kapitaldan operativ şəkildə istifadə etmək çətindir. Çünki bu halda satışa çıxarılma, bunun üçün də vaxt-müddət kimi məsələlər var. Eyni zamanda heç kim təminat vermir ki, Yunanıstandakı satışa çıxarılan adaların qiyməti gələcəkdə ən azından indiki səviyyədə qalacaq. Ola bilər ki, həmin adaların satın alındıqdan sonra gələcəkdə qiyməti aşağı da düşsün. Onu da nəzərə almaq lazımdır ki, dünya bazarında neftin qiyməti düşəcəyi təqdirdə proses neft gəlirlərinə mənfi təsir göstərə bilər. Bu halda Azərbaycanın öz iqtisadiyyatını zəruri vəsaitlərlə təmin etmək üçün pula ehtiyacı yaranar. Vəsaitlərin hansısa bir adanı icarəyə götürməyə qoyulması halında isə bu zaman lazım olan pulu tapmaq müşkül məsələyə çevrilə bilər. Ümumiyyətlə, həmin adaları satın almağın səmərəliliyini yoxlamaq ciddi araşdırmalar tələb edir. Gələcəkdə prosesin nələr vəd etdiyi dəqiq qiymətləndirilməli, sonra addım atılmalıdır".

Digər müstəqil ekspert Elxan Mikayılov da yalnız araşdırma apardıqdan sonra Azərbaycanın adaları almağa girişməsini məqbul bildi: "Yunanıstanın turizm potensialı yüksəkdir. Bu potensialda ona məxsus adaların da xüsusi yeri vardır. Ona görə də düşünürəm ki, adaları satın almaqla ora turizmin inkişafı üçün vəsait yatırtmaq əlverişli olardı. Yunan adalarının satın alınması üçün həmin yerlərin turizm perspektivi, qədim abidələrlə zənginliyi kimi amillər nəzərə alınmalıdır. Bu baxımdan birmənalı olaraq demək olmaz ki, Neft Fondu həmin adaların alınması istiqamətində hökmən addım atmalıdır. Yəni həmin ərazilərdə öncə qiymətləndirmə aparıb, perspektivlər müəyyənləşməli, sonra qərar verilməlidir. Yalnız bu araşdırmalardan sonra həmin adalara vəsaitlərin yatırılması məqsədəuyğun sayıla bilər. Düşünmürəm ki, həmin adalara vəsait yatırılması gələcəkdə hansısa bir risk yaratsın. Turizm sektorunda risk amili adətən təbii amillərlə, təbii fəlakətlərlə bağlı olur. Yunanıstan isə təbii coğrafi baxımından stabil ölkə hesab olunur. Ona görə də adaların alınması zamanı maliyyə-iqtisadi baxımından hər hansı bir risk gözlənilmir".