AXCP və Müsavat normal məntiqi yanaşmadan çıxış etmir

7 Sentyabr 2012 08:35 (UTC+04:00)

İctimai Palatada təmsil olunan partiyalar bu qurumdan kənarda müxalifətin əməkdaşlıq formatının yaradılmasına qarşıdırlar və bu prosesə hər an mane olmağa çalışırlar. Bunu SalamNews-a Demokratik Qüvvələrin Məşvərət Məclsinin üzvü, Azadlıq Partiyasının (AP) sədri Əhməd Oruc deyib.

O bildirib ki, bu, normal məntiqi yanaşmadan irəli gələn addım deyil: "Burada əsas məqam Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyasının indiyə qədər uzun müddət ərzində özlərini müxalifətin əsas təmsilçisi kimi görməyi ilə bağlıdır. Onlar hesab edirlər ki, müxalifətdə də inhisarçılıq prosesini aparmaq olar. Bunun bariz nümunəsi həmin iki partiyanın ortaya qoymuş olduğu mövqedir".

Partiya sədri söyləyib ki, adıçəkilən iki partiya müxalifətin adından danışmağın yalnız onlara mənsub olduğu fikrindədirlər. Lakin həmin partiyaların bu niyyəti getdikcə onları qeyri-ciddi vəziyyətə gətirir.