Azərbaycanda məhkəmə hakimlərinin toxunulmazlığı məhdudlaşdırılacaq

7 Sentyabr 2012 16:02 (UTC+04:00)
Azərbaycanda korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində ciddi yeniliklər gözlənilir. "APA-ECONOMICS"in məlumatına görə, prezident İlham Əliyevin təsdiqlədiyi "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"na əsasən korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulur.
Bura ilk növbədə məhkəmə hakimlərinin toxunulmazlıq hüququnun məhdudlaşdırılması aiddir. Baş Prokurorluq və Ədliyyə Nazirliyi bununla bağlı təkliflərini 2013-2014-cü illərdə hazırlamalıdır. 
Bu sahədə digər maraqlı yenilik korrupsiyaya qarşı mübarizədə şahidlərin və cinayət təqibini həyata keçirən orqanlarla əməkdaşlıq edən şəxslərin müdafiəsinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlərin görülməsi olacaq. Baş Prokurorluq, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri bununla bağlı təklifləri 2013-2014-cü illərdə hazırlamalıdır. 
Eləcə də, korrupsiya halları haqqında məlumat verən şəxslərin müdafiəsinə dair qanun layihəsinin hazırlanması da nəzərdə tutulur. 
2013-cü ildən isə hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiqi qaydalarına dair qanun layihələrinin hazırlanması nəzərdə tutulur. Korrupsiya cinayətlərinin araşdırılmasında tətbiqi gözlənilən digər mühüm yenilik bu sahədə istintaq sövdələşmələrinin tətbiqidir. Milli Fəaliyyət Planına əsasən, korrupsiya cinayətləri üzrə istintaq sövdələşməsinin cinayət-prosessual qanunvericiliyə daxil edilməsi üzrə təkliflərin hazırlanması nəzərdə tutulur.