“Ramil Səfərovun ekstradisiyası Avropa Konvensiyasına, əfvi isə Azərbaycan Konstitusiyasına uyğun həyata keçirilib”

7 Sentyabr 2012 16:56 (UTC+04:00)
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan zabiti Ramil Səfərovun Azərbaycana ekstradisiyası və əfv edilməsinə münasibət bildirib.
APA-nın məlumatına görə, NATO-nun baş katibi Anders Foq Rasmussenlə görüşdən sonra keçirilən mətbuat konfransında Azərbaycan prezident bəyan edib ki, Ramil Səfərovun ekstradisiyası Avropa Konvensiyasına uyğun həyata keçirilib: "Onun prezident tərəfindən əfv edilməsi isə Azərbaycan Konstitusiyasına uyğundur. Siyasi nöqteyi-nəzərdən hər şey aydındır. Azərbaycanın Avropa Konvensiyasını pozduğunu deyənlər ya reallığı görmürlər, ya da ictimai rəyi çaşdırmaq istəyirlər.
Ermənistan bundan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə zərbə vurmaq məqsədilə istifadə etməməlidir. Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır".