Azərbaycanda müəllim və həkimlərin müsabiqədən kənar işə qəbulu qadağan ediləcək
7 Sentyabr 2012 20:52 (UTC+04:00)
Azərbaycanda korrupsiya ilə mübarizə
tədbirləri çərçivəsində təhsil və səhiyyə işçilərinin
əməkhaqlarının artımı, onların sosial müdafiəsinin gücləndirilməsi
planlaşdırılır.
"APA-ECONOMICS"in məlumatına
görə, bu, prezident İlham Əliyevin təsdiqlədiyi "Korrupsiyaya qarşı
mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nda
nəzərdə tutulub.
Sənəddə korrupsiyaya qarşı mübarizə tədbirləri kimi təhsil və
səhiyyə sistemində idarəetmə mexanizminin təkmilləşdirilməsi
nəzərdə tutulur. Bura təhsil müəssisələrində imtahan prosesində
şəffaflığın artırılması, ali təhsil müəssisələrində şikayətlərə
baxılmasının səmərəliliyinin artırılması aiddir. Bundan başqa,
sənədə əsasən təhsil və səhiyyə sahəsindəki vakant iş yerləri
barədə məlumat Təhsil və Səhiyyə nazirliklərinin internet
səhifələrində yerləşdirilməli, bu vəzifələrə işçilər
mərkəzləşdirilmiş imtahanlar və test vasitəsilə qəbul
edilməlidir.
Eyni zamanda müəllimlərin və həkimlərin müsabiqədənkənar işə qəbulu
qadağan ediləcək. Milli Plana əsasən buna yol verənlərə qarşı
məsuliyyətin müəyyən edilməsi üzrə təkliflərin hazırlanacaq.
Sənəddə korrupsiyaya qarşı mübarizə üsullarından biri kimi, müəllim
və həkimlərin əməkhaqlarının artırılmasına və sosial təminatının
gücləndirilməsi də nəzərdə tutulur. Nazirlər Kabineti, Təhsil və
Səhiyyə nazirlikləri bununla bağlı təklifləri 2012-2015-ci illər
ərzində hazırlamalıdırlar.
Səhiyyə sahəsində həyata keçirilməsi nəzərdə tutulan digər yenilik
isə səhiyyə sistemində icbari tibbi sığorta sisteminin tətbiqi ilə
əlaqədar tədbirlərin sürətləndirilməsi olacaq.