Azərbaycan prezidenti: “Azərbaycan NATO-nun çox etibarlı tərəfdaşıdır”
8 Sentyabr 2012 13:29 (UTC+04:00)
"NATO ilə
Azərbaycan arasında fəal dialoq regional sabitlik və əməkdaşlıq
üçün olduqca vacibdir. Azərbaycan NATO-nun çox etibarlı
tərəfdaşıdır".
APA-nın prezidentin rəsmi saytına
istinadən verdiyi xəbərə görə, bunu bu gün NATO-nun baş katibi baş
katib Anders Foq Rasmussenlə görüşdən sonra mətbuat üçün
bəyanatında Azərbaycan prezidenti İlham Əliyev deyib.
Prezident bildirib ki, Azərbaycanla NATO-ya üzv dövlətlər arasında
olan münasibətlər çox geniş, proqnozlaşdırılan və dostluq xarakteri
daşıyan münasibətlərdir: "Bu isə öz növbəsində NATO ilə Azərbaycan
arasında mövcud əlaqələri daha da gücləndirir. Biz bir çox
məsələlər üzərində çalışırıq. O məsələlərdən biri Əfqanıstandakı
vəziyyətdir. İlk günlərdən Azərbaycan sülhməramlı əməliyyatlarda
iştirak edib və beynəlxalq təhlükəsizliyə yardım qüvvələrinin
apardığı əməliyyatlara töhfə verib. Əfqanıstandakı hərbçilərimizin
sayını 2 dəfə artırmışıq. Biz yerləşdirmə, tranzit, logistika, o
cümlədən hava məkanından istifadə dəstəyi ilə töhfəmizi də veririk.
Bu gün Əfqanıstana göndərilən qeyri-hərbi yüklərin 30 faizindən çox
hissəsi Azərbaycan ərazisi ilə daşınır. Biz fəaliyyətimizi davam
etdirməyə hazırıq".
Prezident qeyd edib ki, Azərbaycan 2014-cü ildən sonra da
proseslərin inkişafında iştirak etməyə hazırdır: "Biz, həmçinin
təlim proqramlarında, qeyri-hərbi yardım proqramlarında iştirak
edirik. Biz əfqan milli ordusunun qəyyumluq fonduna yardım etmişik
və əlavə yardımların göstərilməsi ilə bağlı bəyanat vermişik. Başqa
sözlə desək, bu əməkdaşlıq çox səmimi və açıqdır, ortaq dəyərlərə
əsaslanır. Biz əlimizdən gələni edəcəyik ki, əfqan dostlarımız
qarşılaşdıqları çətinlikləri aradan qaldıra bilsinlər".
Prezident qeyd edib ki, NATO baş katibi ilə regiondakı vəziyyəti,
regional təhlükəsizliyi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsini müzakirə ediblər: "Azərbaycan münaqişənin tezliklə,
beynəlxalq hüquq və ərazi bütövlüyü prinsipləri əsasında həllinə
çalışır. Ərazi bütövlüyümüzə verdiyi dəstəyə görə NATO-ya çox
minnətdarıq. Bu, Çikaqo sammitinin, o cümlədən əvvəlki Lissabon və
Buxarest sammitlərinin sənədlərində əks olunub. Azərbaycan
torpaqları demək olar ki, 20 ildir işğal altındadır. Biz bu
ədalətsizliyə son qoymalıyıq, bu regional təhlükəni aradan
qaldırmalıyıq".
Prezident görüşdə enerji təhlükəsizliyi mövzusunun da müzakirə
edildiyini bildirib: "Azərbaycan bu məsələ ilə bağlı NATO-nun üzv
dövlətləri ilə sıx işləyir. Biz nəhəng enerji ehtiyatları aşkar
etmişik. Çox müasir daşıma infrastrukturuna, boru kəmərlərinə
malikik. Yeni TANAP boru kəmərinin tikintisini planlaşdırırıq. Bu
boru kəməri ilə resurslarımızı Avropa bazarlarına nəql edə
biləcəyik. Enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi
Azərbaycan öz səylərini davam etdirməyə, tərəfdaşlığın
gücləndirilməsinə hazırdır. Əminəm ki, bu tərəfdaşlıq davam edəcək,
xüsusən də nəzərə alsaq ki, biz enerji təhlükəsizliyi məsələləri
üzrə üzv dövlətlərlə artıq iş aparırıq, uğurlu olacaq. Bəzi üzv
ölkələrin enerji balansında Azərbaycan neftinin payı 30 faizdən
artıqdır. Əminəm ki, vaxt gələcək bizim qazımız da Avropadakı
dostlarımızın və qonşularımızın qaz istehlakında mühüm yer
tutacaq".