2016-cı il Şahmat Olimpiadası Bakıda keçiriləcək
9 Sentyabr 2012 14:52 (UTC+04:00)
2016-cı il Şahmat Olimpiadası
Bakıda keçiriləcək. Bu barədə qərar Beynəlxalq Şahmat
Federasiyasının Türkiyənin İstanbul şəhərində keçirilən 83-cü
konqresində qəbul olunub.
APA-nın xəbərinə görə, tədbirdə
olimpiadanın Bakıda keçirilməsi ilə bağlı təklif səsləndirilib və
Azərbaycanın namizədliyi irəli sürülüb.
Tədbirə qatılan Ermənistan Şahmat Federasiyasının təmsilçiləri
olimpiadanın Bakıda keçirilməsi ilə bağlı müzakirələrə mane olmağa
cəhd göstəriblər.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov 2015-ci il Dünya
Kuboku və 2016-cı il Olimpiadası uğrunda mübarizədə Bakının
imkanlarından danışıb. O, Azərbaycanda şahmatın kütləviliyi və
inkişafı istiqamətində dövlət səviyyəsində aparılan işləri
sadalayıb. Ermənistan tərəfinin etirazına toxunan nazir indiyədək
ölkəmizdə keçirilmiş güləş üzrə 2007-ci il dünya çempionatında
Ermənistan və digər ölkələrin yığmalarının tərkibində üst-üstə 51
erməni idmançının iştirak etdiyini və onların təhlükəsizliyinin tam
təmin olunduğunu deyib. O, boks üzrə dünya çempionatında Rusiya
yığmasının üzvü olan erməninin qızıl medal qazandığını
xatırladıb.
Nazir olimpiadanın təşkilatçılığının ən yüksək səviyyədə olacağını,
tədbirə qatılacaq Ermənistan nümayəndə heyətinin təhlükəsizliyinə
dövlət səviyyəsində tam təminat veriləcəyini bildirib.
A. Rəhimov Olimpiadanın
təşkilatçılığı, texniki məsələlərin həlli, otel və viza məsələləri
ilə bağlı sualları da cavablandırıb.
Müzakirələrdən sonra Şahmat Olimpiadasının Bakıda keçirilməsi
təklifi səsə qoyulub və qəbul olunub.
Qeyd edək ki, Bakıda Şahmat Olimpiadasının 2016-cı ilin
sentyabrında təşkili nəzərdə tutulub.
Qərarın qəbulundan sonra lent.az-ın Türkiyədəki əməkdaşına müsahibə
verən nazir Azad Rəhimov bu qərarın Azərbaycanın növbəsi qələbəsi
olduğunu vurğulayıb: "Biz qələbələrlə addımlayırıq. Qazanılan
yeni-yeni qələbələr, sözsüz ki, bizi çox sevindirir. İnanırıq ki,
2016-cı ildə Şahmat Olimpiadası Azərbaycanda çox yüksək səviyyədə
keçiriləcək".
Nazir qeyd edib ki, Azərbaycan Ermənistan yığmasının Bakıda
keçiriləcək Olimpiadada təmsil olunmasına çalışacaq. A. Rəhimov
Ermənistan nümayəndəsinin tədbirin Təşkilat Komitəsində
təmsilçiliyində də heç bir problem olmadığını
deyib.