Lent.az-ın AzərTAc-a
istinadən məlumatına görə, fövqəladə hallar naziri,
general-polkovnik Kəmaləddin Heydərov və Zaqatala rayon icra
hakimiyyətinin başçısı Mübariz Əhmədzadə dövlət başçısına rayonda
aparılan yenidənqurma işləri və cari il mayın 7-də baş vermiş
zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən
işlər barədə ətraflı məlumat veriblər.
Sonra Prezident İlham Əliyev Zaqatalada 750 şagird yerlik 2 nömrəli
tam orta məktəbin açılış mərasimində iştirak edib.
Dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti
kəsib.
Məlumat verilib ki, 1952-ci ildə inşa edilmiş bu məktəb 500 şagird
yerlik olub. Cari il mayın 7-də baş verən zəlzələ nəticəsində
məktəbin binası qəzalı vəziyyətə düşüb. Azərbaycan Prezidentinin
tapşırığına əsasən bu ilin iyununda təhsil ocağı yenidən tikilib.
Müasir görünüşü ilə diqqəti cəlb edən yeni məktəb binasında
tədrisin keyfiyyətlə aparılması üçün bütün şərait yaradılıb. Müasir
avadanlıqla və dərs ləvazimatları ilə təmin edilmiş məktəbin
üçmərtəbəli binasının ümumi sahəsi bir hektardır. Burada A, B, C,
D, E tədris blokları fəaliyyət göstərir. Məktəbin həyətində açıq
futbol meydançası, mərkəzləşdirilmiş istilik sistemi yaradılıb, iki
su anbarı, 630 kilovoltluq transformator
quraşdırılıb.
Məktəbdə yaradılmış şəraitlə tanışlıq zamanı Prezident İlham
Əliyevin diqqətinə çatdırılıb ki, burada 45 sinif otağı, fənn
kabinetləri, zəngin kitab fonduna malik kitabxana, akt zalı,
şagirdlər üçün istirahət zalları, 250 nəfərlik yeməkxana, bufet,
müəllim otaqları, inzibati və digər otaqlar var. Burada, həmçinin
ingilis dili, internetə qoşulmuş kompyuter otaqları, müasir
avadanlıqla təmin edilmiş laboratoriyalar fəaliyyət göstərir. Bu da
şagirdlərin bilik və bacarıqlarının daha da genişləndirilməsinə
böyük imkanlar açır. Hazırda məktəbdə təhsil alan 700 şagirdin
təlim-tərbiyəsi ilə 110 müəllim məşğul olur. Tədrisin rus dilində
aparıldığı məktəbdə ağac, metal üzərində oyma, tikiş emalatxanaları
da fəaliyyət göstərir. Bu da şagirdlərin asudə vaxtlarını səmərəli
keçirmələri ilə yanaşı, peşə sahəsində bilik və bacarıqlarını
artırmalarına imkan yaradır.
Bildirilib ki, məktəbin müasir qurğularla təmin edilmiş idman
zalında mini futbol, basketbol və idmanın digər növləri ilə məşğul
olmaq üçün lazımi şərait var.
Dövlət başçısı məktəbdə yaradılmış şəraitdən razılığını bildirdi,
kollektivə yeni tədris ilində uğurlar arzulayıb.