Azərbaycanda yaşı 65-dən yuxarı olan müəllim və məktəb direktorlarının əksəriyyəti işdən azad edilib
10 Sentyabr 2012 12:09 (UTC+04:00)
Ötən tədris ilindən başlayaraq yaşı
65-dən çox olan müəllim və məktəb direktorlarının əksəriyyəti işdən
azad edilib.
APA-nın məlumatına görə, bunu
təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, qanunvericilik bu məsələdə yaşı 65-dən çox
olan işçilərin 2 faizinin əmək fəaliyyətinin davam etdirməsinə
icazə verir: "Mən bu gün də o fikirdəyəm ki, bu, çox humanist
addımdır. Bizim əsas məqsədimiz yaşı 65-ə çatanları işdən azad
etmək deyil, onların arasından işə və Azərbaycan təhsilinə
məsuliyyətlə və ləyaqətlə yanaşanları seçib işdə saxlamaqdır. Hesab
edirəm ki, hər bir şəxsi işdən azad etməzdən əvvəl bir az düşünmək
və dayanmaq lazımdır. Əgər bu adam hazırda Azərbaycan millətinə
ləyaqətlə xidmət edirsə, onu saxlamaq lazımdır".
Nazir onu da bildirib ki, hazırda müəllimlərə dövlət qulluqçusu
statusunun verilməsi ilə bağlı iş aparılır. M. Mərdanov bunun çox
uzun proses olduğunu da deyib.