Azərbaycan-Niderland biznes forumu keçiriləcək

10 Sentyabr 2012 13:28 (UTC+04:00)
Forumda təqdimatlar keçiriləcək və sahibkarlar arasında ikitərəfli görüşlər təşkil olunacaq
Sentyabrın 13-də Niderland Krallığının baş nazirinin müavini, iqtisadi məsələlər, kənd təsərrüfatı və innovasiya naziri Maksim Verhagenin ölkəmizə səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Niderland biznes forumu keçiriləcək. 
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan və Niderlandın logistika, sənaye, İKT, kənd təsərrüfatı, xidmət, enerji, memarlıq, infrastruktur, tikinti və mühəndislik, tullantıların idarə olunması və digər sektorlarda fəaliyyət göstərən iş adamları iştirak edəcək.
Biznes forum çərçivəsində bir sıra təqdimatlar keçiriləcək və sahibkarlar arasında ikitərəfli görüşlər təşkil olunacaq.