«Dadlı» nişanlı kolbasa və sosiska məmulatlarının istehsalı və satışı qadağan edilib
10 Sentyabr 2012 17:09 (UTC+04:00)
Azərbaycan Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki
Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti
tərəfindən aparılan yoxlama nəticəsində "Azərdad" MMC-də "Dadlı"
nişanlı kolbasa və sosiska məmulatlarının istehsalı və satışı
qadağan edilib.
Komitədən "APA-ECONOMICS"ə
verilən məlumata görə, aparılan yoxlama nəticəsində Bakı şəhəri,
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi ünvanında
fəaliyyət göstərən "Azərdad" MMC-də "Dadlı" nişanlı kolbasa və
sosiska məmulatlarının və xammalların saxlanma anbarı, istehsal
sahəsi, hazır məhsulların saxlanma soyuducusu, müxtəlif
ədviyyatların saxlandığı anbar sanitariya normalarına cavab
vermir.
Bundan başqa, müəssisə AZS 088-2003, AZS
100-2003, AZS 104-2003 və AZS 117-2004 standartlarının tələblərinə
zidd olaraq müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji
təlimat olmadan fəaliyyət göstərir.
Həmçinin istehsal olunan məhsulların mövcud resepturaya əməl
olunmadan hazırlandığı müəyyən olunub. Belə ki, kolbasa və sosiska
istehsalında resepturada göstərilməyən müxtəlif konservantlardan,
Çin istehsalı olan sodium benzonatdan, boyaq maddələrindən,
stabilizatorlardan, kraxmaldan, ət kütləsini artırmaq məqsədilə
soyadan, toyuq dərisindən istifadə olunur.
Eyni zamanda məlum olub ki, məhsulların markalanması normativ
sənədlərin tələbinə cavab vermir. Belə ki, etiketlərdə məhsul
istehsalında kərə yağından istifadə olunduğu qeyd olunsa da,
faktiki kərə yağından istifadə olunmur. Araşdırma zamanı
müəssisənin anbarında yararlılıq müddəti bitmiş 1/1000 qr olan 110
ədəd duz və 1/25 kq olan Çin istehsalı olan sodium benzonat aşkar
edilərək aktlaşdırılıb. Həmçinin yoxlanılan yarım hisə verilmiş
"Poltovskaya" və bişmiş hisə verilmiş "Servelat Halal"
kolbasalarının təhlükəsizlik göstəricilərinin yoxlanmasını təsdiq
edən gigiyenik və AZS Milli sertifikatlaşdırma sisteminin
qaydalarına əsasən verilən uyğunluq sertifikatları olmadan istehsal
olunduğu müəyyən olunub.
Müəssisədə mövcud
normativ sənəd AZS 372-2012 "Halal" ət məhsulları. İstehsalı,
daşınması, saxlanması və satışı üzrə ümumi tələblər" standartının
tələbinə uyğun olaraq "Halal" kolbasa məmulatlarının istehsalı üçün
lazımi şərait yoxdur. Belə ki, müəssisənin istehsal etdiyi "Halal"
kolbasası digər məhsullarla eyni sexdə istehsal edilir.
Aşkar olunmuş bu və digər nöqsanlara görə "Azərdad" MMC-də kolbasa
və sosiska məmulatlarının istehsalı və satışı qadağan
edilib.