Azərbaycanda keçirdiyim görüşlərdə İran məsələsi həmişə müzakirə olunub”

10 Sentyabr 2012 19:01 (UTC+04:00)
"İran - Azərbaycanın təhlükəsizlik sahəsində əsas problemlərindən biridir". APA-nın məlumatına görə, ABŞ səfiri Riçard Morninqstar jurnalistlərə verdiyi açıqlamada Azərbaycan prezidenti ilə görüşlərində İran məsələsinin müzakirə olunub-olunmadığına dair sualı belə cavablandırıb. 
Riçard Morninqstar bəyan edib ki, Azərbaycanda keçirdiyi görüşlərdə İran məsələsi həmişə müzakirə olunub və olunacaq: "Biz bu məsələdə sıx əmıkdaşlığı davam etdirmək niyyətindəyik".
Səfir amerikalı konqresmen D. Rorabaxerin "ABŞ İranda azərbaycanlıların milli azadlıq mücadiləsinə dəstək verməlidir" bəyanatını da şərh edib: "ABŞ İranın mövcud sərhədləri çərçivəsində ərazi bütpvlüyünə hörmətlə yanaşır. Konqresmen Rorabaxer mütəmadi olaraq müxtəlif ideyalarla çıxış edir, lakin bu fikirlər ABŞ-ın rəsmi mövqeyi deyildir". 
Qeyd edək ki, konqresmen D. Rorabaxer Şimali və Cənubi Azərbaycanın birləşməsinin zəruriliyini dilə gətirib və ötən ay bununla əlaqədar dövlət katibi Hillari Klintona rəsmi məktub göndərib.