Uşaq koloniyalarının ləğvi gündəmdədir

11 Sentyabr 2012 08:25 (UTC+04:00)

Bu yaxınlarda Azərbaycanda olan Birləşmiş Millətlər Təşkilatının mütəxəssisləri Azərbaycanda fəaliyyət göstərən uşaq koloniyalarının ləğv olunmasını istəyiblər. Hazırda ölkədə bir belə koloniya mövcuddur. Qeyd edək ki, uşaq koloniyaları çətin tərbiyə olunan uşaqlar üçün yaradılan xüsusi müəssisələrdir. Adətən bu tip koloniyaların birinci vəzifəsi ora düşən uşaqların tərbiyə olunaraq normal şəkildə cəmiyyətə qaytarılmasıdır. Bəziləri isə düşünür ki, uşaq koloniyaları uşağın islah olunmasından daha çox, onları peşəkar cinayətkar kimi böyüdür.

Buna görə cəmiyyət də uşaq koloniyalarının vəziyyətindən şikayətlənir. Bir sıra Avropa ölkələrində artıq çoxdandır ki, uşaq koloniyaları yoxdur. Belə uşaqlar üçün Avropa ölkələrində daha münasib tərbiyə ocaqları fəaliyyət göstərir. Görəsən, Azərbaycanda da uşaq koloniyalarının ləğv edilməsinə mütəxəssislərin münasibəti necədir? Bu tip müəssisələr ləğv olunarsa, onlar nə ilə əvəz oluna bilərlər?

Psixoloq Azad İsazadə tutarlı detallar olmadığından uşaq koloniyalarının ləğvilə bağlı konkret fikir bildirməyin çətin olduğunu söylədi: "Uşaq koloniyalarının ləğvi barədə əslində fikirləşməmişəm. Hələlik bu məsələyə konkret bir cavabım yoxdur. Bu məsələ üzərində mütəxəssislərin iştirakı ilə ciddi şəkildə fikirləşib, sonra bir qərar vermək olar. Amma uşaq koloniyaları həqiqətən də ləğv olunarsa, onlar hökmən nə ilə isə əvəz olunmalıdırlar. Bunun üçünsə beynəlxalq təcrübələrə müraciət etməliyik. Məsələn, xristian ölkələrində ağır xasiyyətli, tərbiyə olunmayan, cinayət törədən uşaqları monastırların tərkibində tərbiyə edirlər. İtaliyada narkoman uşaqlar üçün monastrların tərkibində müvafiq düşərgələr var. Ona əsasən də zənn edirəm ki, Azərbaycanda da bu tip uşaqlar üçün xristian ölkələrində olduğu kimi, dini müəssisələr daxilində düşərgələr yaradıla bilər. Amma prosesin reallaşması elə də asan başa gəlməyəcək. Çünki bu sahədə ixtisaslaşan peşəkarlar hələ ki, yoxdur. Onu da qeyd edim ki, azyaşlı çətin tərbiyə olunan uşaqlarla işləmək bəzən hətta böyüklərlə işləməkdən belə çətin olur. Yaşca böyük insanlar hansısa yazılan və yazılmayan "oğru" qanunlarına tabe olur və hansısa bir idarəetməyə qadirdilər. Yəni onları müəyyən mənada idarəetmək mümkündür. Yeniyetmələri isə hansısa qeyri-formal lider qısa zamanda yoldan çıxara bilər. Ona görə də düşünürəm ki, uşaq koloniyalarının ləğvi məsələsinə çox ehtiyatla və tədricən yaxınlaşmaq lazımdır. Ümumiyyətlə, koloniya tipli müəssisələr tam şəkildə özlərini doğrulda bilmir. Koloniyanın məqsədi müvəqqəti azadlıqdan məhrum olan insanı tərbiyə edib cəmiyyətə qaytarmaqdır. Amma təəssüf ki, ölkələrin çoxunda, o cümlədən Azərbaycanda da bu məqsədə nail olunmur. Bu tip müəssisələrdə sadəcə olaraq, insana cəza verilir. Amma həmin vətəndaşın tərbiyə olunaraq yenidən normal şəkildə cəmiyyətə qaytarılması funksiyası çoxdan yaddan çıxıb".

Vəkil Əlövsət Əliyev isə hər hansı bir alternativ təkliflər olmadan uşaq koloniyalarının ləğvini məqsədəmüvafiq görmədi: "Azərbaycan uşaq koloniyaları ilə bağlı xüsusi araşdırmalar aparmamışam. BMT mütəxəssislərinin uşaq koloniyalarının ləğvi təklifilə razı deyiləm. Ona görə də onların həmin müəssisələrin ləğv olunması təklifini müzakirə edə bilmərəm. Sadəcə olaraq, uşaq koloniyalarındakı mövcud vəziyyəti dəyərləndirə bilərəm. Buradakı mövcud vəziyyəti tam qənaətbəxş saymaq olmaz. Şəkidə olan koloniya tipli xüsusi müəssisədən çıxan uşaqlardan bu vaxta qədər 4 nəfəri bizə müraciət etmişdi. Müraciətləri də koloniyada olan müddətdə onlara şəxsiyyət vəsiqəsinin verilməməsilə bağlı idi. Bu tip müəssisələr orada cəza çəkən, tərbiyə olunan uşaqların şəxsiyyət vəsiqəsilə təmin olunması kimi adi prosedur qaydalarını həyata keçirən zaman problemlər yaratmamalıdırlar. Ona görə də düşünürəm ki, uşaq koloniyalarının ləğvi istiqamətində hər hansı bir təklif verməmişdən öncə, alternativ variantlar irəli sürülməlidir. Ümumiyyətlə, uşaq koloniyaları istiqamətində ciddi islahatlara ehtiyac vardır. Xüsusi müəssisədən çıxan uşaqlara münasibət dəyişməlidir. Buradan çıxan 16-18 yaşlı yeniyetmələrin xüsusi yaşayış yerilə təmini istiqamətində işlər aparılmalıdır. Fikrimcə, bu məsələnin həllinə kompleks yanaşılmalıdır. İstənilən internat məktəbinin direktoru xoşu gəlməyən uşağı həmin koloniyalara sala bilir. Ona görə də məsələyə yenidən baxılmalıdır".