“Ermənilər o qədər də ağıllı deyillər...”

11 Sentyabr 2012 08:37 (UTC+04:00)

Dünya birliyinin ermənilərin terror çağırışlarına susqunluq nümayiş etdirməsi bizi çox təəssüfləndirir, biz bunu qəbul edə bilmərik. Bunu mətbuata açıqlamasında Prezident Administrasiyasının (PA) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov dilə gətirib.

"Biz bir gənc dövlət kimi istəyirik ki, Azərbaycanla bağlı nəyi istəyirlər desinlər. Amma bu zaman ədalətli olsunlar, ədaləti ifadə etsinlər. Amma təəssüflər olsun ki, bunu müşahidə etmirik", - deyən PA rəsmisinin sözlərinə görə, ancaq Azərbaycanla bağlı bir şey eşidən kimi, bütün hamısı ayağa qalxır və bununla bağlı mövqe bildirməyə başlayırlar:

"Amma Ermənistanın Azərbaycan torpaqlarını 20 ildir işğal altında saxlaması, bir milyondan artıq vətəndaşımızın qaçqın və köçkünə çevrilməsi ilə bağlı heç bir söz demirlər. Biz bunu qəbul edə bilmərik. Bu cür ədalətsiz mövqe strateji baxımdan onların özləri üçün ziyan gətirəcək".

Ermənistan parlamentinin Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinin müstəqilliyinin tanınması ilə bağlı sənəd hazırlamasına gəlincə, PA-nın şöbə müdiri qeyd edib ki, bu, Ermənistan üçün beynəlxalq hüquq normalarının heç bir əhəmiyyət daşımadığını göstərir, bu, saymamazlıqdır:

"Çünki ermənilər arxalarında bəzi qüvvələrin dayandığını görürlər. Bu qüvvələr ermənilərə hər şeyi etməyə, hər sözü deməyə şərait yaradır. Heç kim də onların bu hərəkətlərinə münasibət bildirmir.

Bu kimi addımların atılması da buradan qaynaqlanır. Amma ermənilər o qədər də ağıllı deyillər. Çünki bütün bunlar panika, isterika içərisində atılmış addımlardır. Hazırda, ermənilər isterika içərisindədirlər.

Ağıllarına gələn addımları atmaları da bunu göstərir. Qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınmasına dair fikirlər də bu addımlardan biridir. Bununla onlar indiyədək görülmüş işlərin hamısının üstündən xətt çəkərək özlərinin işğalçı olduqlarını və işğalçı siyasət həyata keçirdiklərini, başqa bir dövlətin ərazisinə artıq hüquq çərçivəsində deyil, birbaşa, zorla sahib olmaq istəklərini büruzə verərlər ki, bu da onlara baha başa gələr və onlara böyük zərbə olar".