Azərbaycan 601 nəfəri beynəlxalq axtarışa verib - STATİSTİKA

11 Sentyabr 2012 11:59 (UTC+04:00)

Daxili İşlər Nazirliyi Azərbaycanın İnterpola axtarışa verdiyi şəxslərin sayını açıqlayıb. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda Beynəlxalq Polis Təşkilatı olan İnterpol vasitəsi ilə Azərbaycan 601 nəfəri axtarışa verib. Bunlardan qırmızı xətlə, yəni cinayət törətdiyinə görə axtarışa verilənlərinin sayı 504-dür. Sarı xətt ilə, yəni itkin düşmüş şəxs kimi axtarışda olanların sayı isə 42 nəfərdir. Sarı xətlə axtarışa verilənlərin hamısı Azərbaycan vətəndaşıdır. 

Yerdə qalan şəxslər isə müxtəlif səbəblərlə İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilib.
Qeyd edək ki, Azərbaycanın İnterpol kanalları ilə axtardığı şəxslər arasında müxtəlif ölkə vətəndaşları var. Axtarışa verilənlər dələduzluqdan, terrorçuluğadək Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə şübhəli bilinir.
Onu da qeyd edək ki, İnterpolun rəsmi saytının Azərbaycan bölməsində, ölkəmizin 160 şəxsi qırmızı xətlə, 12 nəfəri isə sarı xətlə axtardığı bildirilib.