"Biz bundan sonra da Ermənistanı bütün beynəlxalq və regional layihələrdən təcrid edəcəyik”
11 Sentyabr 2012 14:12 (UTC+04:00)
"Azərbaycan üçün əsas problem
torpaqlarımızın hələ də işğal altında qalmasıdır. Ermənistanın
Azərbaycana qarşı təcavüzü, işğalçı siyasəti nəticəsində
torpaqlarımız işğal altındadır". APA-nın məlumatına görə, bunu Azərbaycan
prezidenti İlham Əliyev deyib.
Prezident bildirib ki, ermənilərin dünyadakı havadarlarının onlara
verdikləri dəstəyin nəticəsində bu məsələ həllini tapa bilmir:
"Baxmayaraq ki, məsələnin həlli üçün bütün imkanlar, bütün hüquqi
baza var. Beynəlxalq təşkilatlar qərarlar, qətnamələr qəbul edib.
Dünyanın aparıcı ölkələrinin liderləri bəyanatlar veriblər ki,
indiki vəziyyət dözülməzdir və "status-kvo" dəyişdirilməlidir.
Əfsuslar olsun ki, Ermənistan bu çağırışlara biganə qalır,
beynəlxalq ictimaiyyət də onlara kifayət qədər güclü təzyiq və
təsir göstərmir. Məsələnin həll olunmamasının səbəbi məhz bundan
ibarətdir. Biz bundan sonra da ölkəmizi, beynəlxalq mövqelərimizi
gücləndirəcəyik. Məsələnin həlli üçün hüquqi əsaslar kifayət qədər
çoxdur və bu əsaslar Azərbaycanın mövqeyini müdafiə edir,
dəstəkləyir. BMT, onun Təhlükəsizlik Şurası, ATƏT, Avropa Şurası,
Avropa Parlamenti, digər beynəlxalq təşkilatlar qərarlar qəbul
ediblər ki, bu qərarlar məsələnin həlli üçün yeganə yoldur".
Dövlət başçısı Azərbaycanın ərazi bütövlüyünün bütün ölkələr
tərəfindən tanındığını və bu məsələnin ancaq Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində öz həllini tapa biləcəyini vurğulayıb:
"Məsələnin həlli ilə bağlı Azərbaycanın mövqeyində heç bir
dəyişiklik yoxdur, biz tutduğumuz yoldan dönməyəcəyik. Dağlıq
Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Azərbaycan öz ərazi
bütövlüyünü bərpa etməlidir. İşğal edilmiş bütün torpaqlardan
işğalçılar çıxarılmalıdır və çıxarılacaq, Azərbaycan vətəndaşları
öz doğma torpağına qayıtmalıdırlar və qayıdacaqlar. Soydaşlarımız
hazırda keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati
hüdudlarından kənarda yerləşən bölgələrə və Dağlıq Qarabağa,
Xankəndiyə, Şuşaya qayıdacaqlar. Mən buna əminəm, buna inanıram və
mənim inamımı gücləndirən kifayət qədər çox amillər var: Beynəlxalq
hüquq, Azərbaycanın iqtisadi qüdrəti, bizim hərbi potensialımız və
siyasi müstəvidə Azərbaycanın artan çəkisi. Təkcə bir ilin
tarixçəsinə nəzər salmaqla biz Azərbaycanın uğurlarını görə
bilərik. Biz dünyanın ən mötəbər beynəlxalq təşkilatının - BMT
Təhlükəsizlik Şurasınız üzvüyük. Bir neçə ay bundan əvvəl bu
təşkilata sədrlik etmişik. Bu təşkilata 155 ölkənin dəstəyi ilə
daxil olmuşuq.
Bu yaxınlarda 120 ölkə - Qoşulmama Hərəkatının üzvləri Dağlıq
Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll
olunmasına dair qətnaməni dəstəkləyib. 120 ölkə dünya birliyinin
əksəriyyətidir. Biz bir çox halda beynəlxalq aləm anlayışını
eşidirik və bəzi təşkilatlar, bəzi qurumlar beynəlxalq aləm dedikdə
özlərini nəzərdə tuturlar. Beynəlxalq aləm 20, yaxud 30 ölkəni
birləşdirən məsələ deyil. Beynəlxalq aləm BMT-dir və BMT-də 155
ölkə bizi dəstəklədi. Beynəlxalq aləm Qoşulmama Hərəkatıdır. Orada
120 ölkə fəaliyyət göstərir. Onlar da bizi dəstəklədi. Yəni,
beynəlxalq aləm bizim mövqeyimizi dəstəkləyir və əlbəttə ki, bu,
bizə əlavə imkanlar verir, inamımızı artırır.
Bununla bərabər və xüsusi olaraq 20 ildir Minsk qrupu yaradılıb ki,
bu məsələni həll etsin və məsələni həll edə bilmir, Ermənistana
lazımi təzyiqi göstərə bilmir. Biz görürük ki, bu məsələ
Azərbaycanın gücü hesabına öz həllini tapa bilər və tapmalıdır. Ona
görə biz daha da güclü olmalıyıq. Biz ordumuzu daha da
gücləndirməliyik və gücləndiririk. Hazırda Azərbaycan Ordusu nəinki
bölgədə, dünya miqyasında qüdrətli orduların sırasındadır. Biz
iqtisadi potensialımızı gücləndirməklə ölkəmizi irəliyə aparırıq.
Bu bizə imkan verir ki, bütün məsələlərlə bağlı müstəqil siyasət
aparaq. Biz xarici və daxili siyasətlə bağlı milli maraqlara
söykənən qərarları qəbul edirik. Güclü Azərbaycan güclü regional
amildir. Həm sabitləşdirici amildir, eyni zamanda, Azərbaycan ilə
artıq regional məsələlərdə hesablaşmamaq mümkün deyildir.
Azərbaycanla hesablaşmamaq cəhdləri heç bir nəticə verməyib və
yaxın tarix bunu göstərir. Ona görə, nə qədər güclü olsaq,
Azərbaycan öz ərazi bütövlüyünü bir o qədər tez bərpa edəcək.
Məsələnin həlli ilə bağlı bizim birmənalı mövqeyimiz var. Bu barədə
mən dəfələrlə fikirlərimi bildirmişəm. İşğal edilmiş bütün
torpaqlardan işğalçı qüvvələr çıxarılmalıdır, ondan sonra bölgədə
sülh, əməkdaşlıq yarana və təhlükə mənbəyi aradan götürülə bilər.
Hələ ki, torpaqlarımız işğal altındadır, bizim bir nömrəli
hədəfimiz Ermənistandır.
Biz bundan sonra da Ermənistanı bütün beynəlxalq və regional
layihələrdən təcrid edəcəyik. Bu siyasət öz səmərəsini verir və
Ermənistanın ağır iqtisadi vəziyyətinin səbəbkarı Azərbaycandır.
Bu, birmənalıdır. Ermənistandan onların rəsmi statistikasının
göstəricilərinə görə, ilin birinci yarısında 80 min adam köçüb.
İlin sonuna qədər bu, yəqin ki, ikiqat rəqəmə çatacaq. Azərbaycan
əhalisi artır və 5-10 ildən sonra ümumiyyətlə, bu faizlər nisbəti
birə on olacaq, bəlkə də ondan da az. Bu amillər onları
düşündürməlidir. Onların ağır iqtisadi vəziyyəti, demoqrafik
vəziyyət, bütün beynəlxalq məsələlərdən təcrid edilməsi onları
narahat etməlidir.
Azərbaycan isə irəliyə gedir. Baxmayaraq ki, torpaqlarımız işğal
altındadır, biz böyük uğurlara imza atırıq və bu uğurları
artırırıq. Bir neçə gün bundan əvvəl mötəbər beynəlxalq iqtisadi
qurum - Davos İqtisadi Forumu ölkələrin iqtisadiyyatlarının rəqabət
qabiliyyətliyinə görə Azərbaycanı 46-cı yerə layiq görüb, MDB
məkanında birinci yerdə. Bizim işimiz haqq işidir. Biz ədalətin
bərpasını istəyirik və buna nail olacağıq. Bizim üçün, həm xarici
siyasətimiz üçün, həm ümumiyyətlə, bizim gündəliyimizdə duran bir
nömrəli məsələ torpaqlarımızın işğalçılardan azad edilməsidir.
Gecə-gündüz çalışırıq və bu fəaliyyəti davam etdirəcəyik".