“Ermənistan Ramil Səfərovun qanuni ekstradisiyasından Macarıstana qarşı istifadə edir”
11 Sentyabr 2012 15:16 (UTC+04:00)
Avropalı parlamentarlar Ramil Səfərovun
Azərbaycana qaytarılması ilə əlaqədar Ermənistanın nümayiş
etdirdiyi mövqeyi kəskin şəkildə pisləməkdə davam edirlər.
Almaniya Bundestaqının üzvü, hakim Xristian Demokrat
İttifaqı/Xristian-Sosial İttifaqı (CDU/CSU) parlament (Bundestaq)
fraksiyasının Xarici siyasət üzrə işçi qrupunun sədri Florian Hahn
Ramil Səfərovun Azərbaycana ekstradisiyası ilə əlaqədar Ermənistan
hökumətinin aqressiv mövqeyinə münasibət bildirib. Avropa
Azərbaycan CəmiyyətindənAPA-ya
verilən məlumata görə, deputat bu yaxınlarda Xristian Demokrat
İttifaqı/Xristian-Sosial İttifaqı parlament fraksiyasının 1992-ci
ildən Dağlıq Qarabağ və onun ətrafında yerləşən Azərbaycan
ərazilərinin Ermənistan tərəfindən işğal olunmasının 20 illiyi ilə
əlaqədar sənəd qəbul edib: "Sənəddə vurğulanırdı ki, tərəflər
konfliktin aradan qaldırılmasının indiyədək olan formasını ətraflı
götür-qoy etsin və münaqişənin həlli prosesinə yeni təkan versin.
Konfliktin sülh yolu ilə həlli və münasibətlərin normallaşdırılması
bütün regionda müsbət iqtisadi və ictimai stimul yaradacaqdır. Buna
görə də Ermənistanın rəsmi hakimiyyət dairələrinin Ramil Səfərovun
Macarıstan tərəfindən vətəni Azərbaycana qaytarılmasına olan
reaksiyaları daha artıq narahatlıq yaradır".
Florian Hahn qeyd edib ki, Ermənistan qanuniliyinə heç bir şübhə
olmayan bu ekstradisiyadan Macarıstana qarşı istifadə edir:
"Ermənistan qanuniliyinə heç bir şübhə olmayan bu ekstradisiyadan
bizim Avropa partnyorumuz olan Macarıstana qarşı istifadə edir.
Ermənistan tərəfindən Macarıstan hökumətinin beynəlxalq hüquq
normalarına əsaslanan qanuni hərəkətinə qarşı reaksiyalarının davam
etməsi Cənubi Qafqazda kövrək olan atəşkəsə daha ağır zərbə vura və
onun pozulmasına gətirib çıxara bilər.
Almaniya gələcəkdə də ATƏT-də, NATO-da və Birləşmiş Millətlər
Təşkilatındakı dostları ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinə
daha dərindən diqqət yetirəcək. Ancaq səylər Ermənistanın
Macarıstanla diplomatik əlaqələrinin kəsilməsi kimi reaksiyalarla
dayandırılmamalıdır. Belə hərəkət Avropa Birliyinin Ermənistanla
Şərq tərəfdaşlığı çərçivəsində əməli dialoquna mane olur."
Qeyd edək ki, hakim Xristian Demokrat İttifaqı/ Xristian- Sosial
İttifaqı parlament fraksiyasının Xarici siyasət komitəsinin sözçüsü
Filip Misfelder və Xristian Demokrat partiyasından parlamentin üzvü
Olav Guttinq də Ramil Səfərovun Azərbaycana ekstradisiyası ilə
əlaqədar Ermənistanın mövqeyinə etirazlarını bildirib, diqqəti
Ermənistanın Xocalıda törətdiyi qırğınlara və 2012-ci il iyulun
19-da Azərbaycanın işğal edilmiş ərazilərində keçirilən qeyri-
qanuni "prezident seçkilərinə" cəlb edib. Onlar Ramil Səfərovun
ekstradisiyası qanunauyğun hal kimi qiymətləndiriblər.