İran Azərbaycanı sərhədi bağlamaqla hədələdi

11 Sentyabr 2012 17:32 (UTC+04:00)
İran Azərbaycanı sərhədi bağlamaqla hədələyib. ANS PRESS-in "İhlas" agentliyinə istinadən verdiyi məlumata görə, bu hədə Türkiyə-Azərbaycan Strateji Əməkdaşlıq Şurasının bu gün Qəbələdə keçiriləcək iclası ərəfəsində ortaya çıxıb. Belə ki, iclasda Azərbaycanın Türkiyə vətəndaşları üçün vizanı ləğv etməsi məsələsinin müzakirəsindən son anda imtina edilib. Buna rəsmi Bakının Türkiyəyə yolladığı ismarış səbəb olub. İsmarışda bildirilib ki, Tehran Azərbaycana Türkiyə ilə vizanın qarşılıqlı ləğvi ehtimalı ilə bağlı xəbərdarlıq edib. İran tərəfi bəyan edib ki, əgər Türkiyə ilə viza rejimi ləğv edilsə, eyni addım İrana da qarşı atılmalıdır. Əks təqdirdə, rəsmi Tehran Bakını Naxçıvanın Azərbaycanın digər bölgələri ilə yeganə yolu bağlamaqla hədələyib. Bu ismarışdan sonra Türkiyə tərəfi viza rejiminin ləğvi məsələsinin müzakirəyə çıxarılmamasına razılıq verib. Çünki, İran xəbərdarlıq etdiyi addımı atsa, Naxçıvan Azərbaycandan tamamilə təcrid oluna bilər.
Qeyd edək ki, Türkiyə-Azərbaycan Strateji Əməkdaşlıq Şurasının bu gün Qəbələdə keçiriləcək toplantısında Türkiyəni baş nazir Rəcəb Tayyib Ərdoğan, Azərbaycanı isə prezident İlham Əliyev təmsil edəcək. İclasda iki ölkə arasındakı siyasi əlaqələr, hərbi və təhlükəsizlik, eləcə də, elm və mədəniyyət sahəsində əməkdaşlıq, iqtisadi, ticari və enerji sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə ediləcək. Dağlıq Qarabağ münaqişəsi və qondarma "erməni soqyrımı" iddiaları ətrafında da fikir mübadiləsi aparılacaq. Toplantının yekununda 5 sənədin imzalanması gözlənilir.