Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan poemalar ilk dəfə bir kitabda Azərbaycan dilində nəşr olunub

12 Sentyabr 2012 12:19 (UTC+04:00)
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Xəmsə"yə daxil olan "Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl" və "İskəndərnamə" poemaları ilk dəfə bir kitabda Azərbaycan dilində nəşr olunub.

Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə hazırlanmış böyük formatlı nəşrə toplanmış 5 poemanın hər birinə yazılan ön söz əsərlərin mahiyyətini dolğun ifadə edir. Xəlil Yusifli, Səməd Vurğun, Məmməd Rahim, Abdulla Şaiq və Mikayıl Rzaquluzadənin tərcüməsində təqdim olunun "Xəmsə"yə CD disk əlavə olunub. Diskə Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Cahangir Cahangirov, Tofiq Quliyev, Şəfiqə Axundova və başqa bəstəkarların Nizami Gəncəvinin sözlərinə yazdığı mahnı və romanslar, Niyazinin "Xosrov və Şirin" operası, Əfrasiyab Bədəlbəylinin "Nizami" operası, Fikrət Əmirovun "Nizami" simfoniyası, eləcə də Qara Qarayev, Cövdət Hacıyev, Ramiz Mustafayev və başqa bəstəkarların dahi şairin sözlərinə xor üçün yazdığı əsərlər daxil edilib.

Heydər Əliyev Fondundan APA-ya verilən məlumata görə, Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yeni təqdimatda "Xəmsə"yə daxil olan beş poema AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyindən götürülmüş rəngli illüstrasiyalarla bəzədilib. 

Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə "Xəmsə"nin daha bir formatı işıq üzü görüb. Toplu şəklində təqdim olunan nəşr beş kitabdan ibarətdir. Hər kitabda "Xəmsə"yə daxil olan poemalar ayrılıqda yer alıb. Müasir oxuculara təqdim olunan yeni nəşrdə "Xosrov və Şirin" poemasının Azərbaycan dilində yeni tərcüməsi yazıldığı ölçüdə-əruz vəznində yerinə yetirilib, Azərbaycan dilinin bugünkü tələblərinə uyğun ifadə edilib.

Yeni nəşrlər sırasında olan "Nizami məqbərəsinin tarixi və taleyi" kitabında dahi mütəfəkkirin məzarı üzərində XIII əsrin əvvəllərində ucaldılan məqbərənin tarix boyu düşdüyü müxtəlif vəziyyətlər və onun səbəbləri araşdırılır. İran, Osmanlı və Rusiya imperiyasının Qafqazda yürütdüyü siyasət nəticəsində dəfələrlə bərbad vəziyyətə düşən məqbərənin zaman-zaman bərpa olunması, bu istiqamətdə görülən işlər barədə maraqlı faktlar əksini tapıb. 

Heydər Əliyev Fondu fəaliyyəti dövründə digər nəşrlərlə yanaşı, davamlı olaraq Azərbaycan klassiklərinin müxtəlif əsərlərini nəşr edir. Nizaminin yaradıcılıq manifesti sayılan "Xəmsə"nin yüksək poliqrafik nəşrini bu sahədə uğurlu layihə kimi dəyərləndirmək olar. Yeni nəşr dünya poeziyasında epik romantik janrın banisi, Şərq intibahının parlaq nümayəndəsi, mütəfəkkir şair Nizami Gəncəvinin 870 illik yubileyinə layiqli töhfədir.