Azərbaycan prezidenti: “ATƏT-in Minsk qrupu yaranandan ilk dəfədir, Dağlıq Qarabağ danışıqları dalana dirənib”
12 Sentyabr 2012 13:02 (UTC+04:00)
"Təkcə bizim üçün deyil, həm də
bütün dünya üçün əsas narahatlıq doğuran məsələ Azərbaycan
torpaqlarının Ermənistan tərəfindən işğalının davam etməsidir.
Azərbaycan erməni təcavüzünün qurbanıdır. Bu, danılmaz faktdır.
Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin 20
faizini işğal altında saxlamaqda davam edir". APA-nın məlumatına görə, bunu Azərbaycan
Prezidenti İlham Əliyev Qəbələdə ATƏT-ə üzv ölkələrin səfirləri ilə
görüşdə deyib.
Dövlət başçısı Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib
hissəsi olduğunu bir daha vurğulayıb: "Tarixi nöqteyi-nəzərdən bu
ərazidə azərbaycanlılar məskunlaşıblar. Hüquqi baxımdan Dağlıq
Qarabağ Azərbaycanın bir hissəsidir. Sovet vaxtı Dağlıq Qarabağ
muxtar vilayət olub, hətta muxtar respublika belə olmayıb, o,
Ermənistanla inzibati sərhədlərə belə malik deyil. Beləliklə,
Dağlıq Qarabağ Azərbaycanın ərazisi daxilində yerləşir və münaqişə
başladıqda orada yaşayan insanların etnik tərkibi 75-25 faiz
nisbətində idi. Bütün azərbaycanlılar Dağlıq Qarabağdan qovulub.
Ermənistan 7 ətraf rayonda etnik təmizləmə siyasəti aparıb. Halbuki
orada heç bir zaman erməni əhalisi yaşamayıb. Nəticədə bizim Dağlıq
Qarabağın ətrafındakı rayonlardan 750 mindən çox, Qarabağın özündən
40 min, Ermənistandan qovulan 200 mindən çox qaçqın və köçkün
soydaşımız var. Bu rəqəmlər aydın məsələdir ki, münaqişənin
başlandığı, etnik təmizləmə aparıldığı dövrə aiddir. Keçən dövr
ərzində məcburi köçkün ailələrdə demoqrafik artım baş verdiyinə
görə bu rəqəmlər də artmaqdadır".
Dağlıq Qarabağın ətraf rayonlarının dağıdıldığını deyən prezident
ATƏT oraya iki missiya göndərdiyini diqqətə çatdırıb: "Birincisi
faktaraşdırıcı, ikincisi isə qiymətləndirmə missiyasıdır. Onlar hər
şeyin dağıdıldığını təsdiq ediblər. Bizim şəhərlər kimsənin
yaşamadığı kabus şəhərlərinə çevrilib. Bütün infrastruktur
darmadağın edilib, bütün qəbiristanlıqlar, məscidlər və tikililər
yerlə-yeksan olunub. Bu, Ermənistan tərəfindən, gəlmələr tərəfindən
törədilib. Bu, münaqişənin real mənzərəsidir. Beynəlxalq
ictimaiyyət məsələnin həllində fəal iştirak edir. Bizim məsələni
həll etmək üçün hərtərəfli hüquqi bazamız, BMT Təhlükəsizlik
Şurasının dörd qətnaməsi var. Onların heç biri yerinə yetirilməyib.
ATƏT-in qərarları, Lissabon sammiti və digər qərarlar, hamımız
bunları xatırlayırıq. Avropa Şurası, Avropa Parlamenti, İslam
Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təsisatlarda, NATO-nun
Çikaqoda keçirilmiş sammitində də bu məsələyə baxılıb. Münaqişənin
həlli beynəlxalq hüquq normaları və Helsinki Yekun Aktına
əsaslanmalıdır. Ermənistan prezidentinin, mənim və Rusiya
Prezidenti Dmitri Medvedev tərəfindən imzalanmış Mayndorf
bəyannaməsində də göstərilir ki, münaqişə beynəlxalq təşkilatların
qərarları və qətnamələri əsasında həllini tapmalıdır. Bu qərar və
qətnamələr birmənalıdır. Məsələnin həlli ilə bağlı Helsinki Yekun
Aktına da istinad edilir. Helsinki Yekun Aktında ərazi bütövlüyü və
öz müqəddəratını təyin etmə prinsipi arasında balans açıq-aydın
göstərilir. İnsanların öz müqəddəratını təyin etmək hüququ ərazi
bütövlüyü prinsipinə xələl gətirməməlidir. Üstəlik, ermənilər artıq
bir dəfə öz müqəddəratlarını təyin ediblər, Ermənistan dövlətini
yaradıblar və bu dövlət tarixən azərbaycanlılar tərəfindən
məskunlaşmış ərazidə yerləşir. 1918-ci ildə Azərbaycan Xalq
Cümhuriyyəti yaradılandan bir gün sonra İrəvan şəhərinin Ermənistan
dövləti üçün paytaxt şəhəri olmasına razılıq vermişdi. Çoxları
bundan xəbərsizdir, lakin bu, həqiqətdir. Biz daha bir erməni
dövlətinin Azərbaycan ərazisində yaradılmasına icazə verməyəcəyik.
Bu, qeyri-mümkündür. Ermənistan anlamalıdır ki, onların maksimalist
yanaşması, Dağlıq Qarabağ üçün müstəqillik tələb etmələri
mümkünsüzdür. Bunu heç kim dəstəkləməyəcək. Bu yaxınlarda Dağlıq
Qarabağda keçirilən qondarma "seçkilər" beynəlxalq ictimaiyyət
tərəfindən tanınmayıb, Dağlıq Qarabağı heç kim tanımır. Azərbaycan
Dağlıq Qarabağı heç vaxt tanımayacaq. Buna görə də Ermənistanın
irəliləyiş əldə etmək üçün ən yaxşı variantı 2009-cu ilin sonunda
ATƏT-in Minsk qrupunun təqdim etdiyi təkliflərə qayıtmaqdır.
Azərbaycan bunları dəstəkləyir. Siz bu təkliflərin nədən ibarət
olduğunu bilirsiniz: işğal olunmuş bütün ərazilər Azərbaycana
qaytarılmalı, qaçqın və məcburi köçkünlər öz torpaqlarına
qayıtmalı, təhlükəsizlik təmin edilməlidir. Yalnız bundan sonra
Ermənistan ilə əlaqələr təmin olunacaq, Dağlıq Qarabağın gələcək
statusu hər iki tərəf hazır olduqda müəyyənləşdiriləcək.
Ermənistanın rədd etdiyi formulanı biz qəbul etmişik. Bundan sonra
danışıqlar prosesi bir ildən çoxdur ki, durğunluq mərhələsinə daxil
olub. ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin,
xüsusən də, onların "status-kvo"nun qəbuledilməz olması barədə
bəyanatı bizi çox ruhlandırdı. Biz bu bəyanatı tamamilə
dəstəkləyirik. Lakin Ermənistan "status-kvo"nu saxlamağa çalışır,
danışıqlar masasında oturmaq istəmir. Onların bütün təxribatçı
əməlləri və bəyanatları bir məqsəd güdür, bu da münaqişənin
həllinin uzadılmasıdır. Onlar bir şeyi başa düşməlidirlər ki,
"status-kvo"nu bu neçə illər ərzində saxladıqları kimi davam etdirə
bilməyəcəklər. Qüvvələr və güc balansı dəyişir, Azərbaycan 20 il
bundan əvvəlki ölkə deyil. Azərbaycan özünü qorumaq iqtidarında
olan ölkədir. Ermənistan üçün ən yaxşı çıxış yolu onun gələcəyinin
regionun inkişafından asılı olduğunu anlamasıdır. Qonşular birgə
yaşamağa öyrənməli və işğala son qoymalıdırlar. Hər şey işğalla
əlaqəlidir. Bəzən Ermənistan liderləri deyirlər ki, Azərbaycan bu
ölkə ilə bütün əlaqələrə son qoyub. Axı, siz torpaqlarımızı işğal
edən ölkə ilə əməkdaşlığımızı necə gözləyə bilərsiniz?! Siz, öz
ölkələrinizin bütün tarixi abidələrini darmadağın etmiş,
ərazilərinizi işğal etmiş və bu işğalı davam etdirmək niyyətində
olan işğalçı bir ölkə ilə əməkdaşlığı necə təsəvvür edə bilərsiniz?
Bu, mümkün deyil. İşğala son qoyulmalıdır. Ərazilərin işğaldan azad
olunması prosesi mümkün qədər tez başlamalıdır. İşğaldan azad
olunma prosesi başlayan kimi, biz münasibətlərin
normallaşdırılması, gərginliyin kəskin dərəcədə azaldılması
istiqamətində mühüm addımlar atmaq məsələsini nəzərdən keçirməyə
hazırıq. Amma əvvəlcə bu proses başlanmalıdır. Sözdən əmələ keçmək
lazımdır. Bu, bütün ölkələrin, eləcə də bizim, əminəm ki,
Ermənistanın da marağındadır. Bütün insanlar sülh və əmin-amanlıq
şəraitində yaşamalı və beynəlxalq hüquq mümkün qədər tez bərpa
edilməlidir.
Mən bir daha qeyd etmək istəyirəm ki, Dağlıq Qarabağa müstəqillik
verilməsi məsələsi qətiyyən müzakirə mövzusu ola bilməz. Ermənistan
tərəfi bunu nə qədər tez başa düşsə və maksimalist, qeyri-realist,
qeyri-qanuni yanaşmalardan imtina etsə, bu, onlar üçün də, sülh
prosesi üçün də bir o qədər faydalı olar".
Ramil Səfərovun ekstradisiyası və əfvi məsələsinə toxunan dövlət
başçısı Azərbaycanın beynəlxalq təcrübəyə, öhdəliklərə zidd ola
biləcək heç bir addım atmadığını vurğulayıb: "Biz bilirik ki,
Ermənistanda Ramil Səfərovun ekstradisiyası və əfv olunması ilə
bağlı hay-küy yaranıb. Mən bununla bağlı münasibətimi artıq
bildirmişəm. Bir daha bildirirəm ki, Səfərovun ekstradisiyasından
tutmuş əfvinə qədər hər şey Avropa Konvensiyasına, o cümlədən
Azərbaycan Konstitusiyasına uyğun həyata keçirilib. O, həbsxanada
təxminən 9 il cəza çəkib. Buna görə də, Ermənistan bu vəziyyətdən
sülh danışıqlarını pozmaq üçün bəhanə kimi istifadə
etməməlidir.
Qeyd etdiyim ki, 2011-ci ilin iyununda Kazanda keçirilən son
görüşdən sonra danışıqlar prosesi durğunluq mərhələsindədir.
ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfərlər edir, lakin
bizim hazırda müzakirələrimizin əsas mövzusu danışıqlar prosesinin
mahiyyətinə deyil, gərginliyin, potensial təhlükənin azaldılmasına
yönəlib. ATƏT-in Minsk qrupu yaranandan bəri ilk dəfədir ki,
danışıqlar prosesinin dalana dirəndiyinin şahidiyik. Ötən illərdə
danışıqlar prosesinin bir neçə mərhələsi, bir sıra təkliflər
nəticəsiz olub. Praqa prosesindən başlayıb Madrid prinsipləri ilə
tamamlanan, Azərbaycanın imtina etmədiyi sonuncu təkliflər paketi
bəzi ermənilərin bunun əksini söyləməsinə baxmayaraq, mən deyərdim
ki, həll üçün bəlkə də son təklif və son imkan idi. Ermənistan
hazırda bu epizoddan bəhanə kimi istifadə edir. Onlar bacardıqları
qədər "status-kvo"nu saxlamaq istəyirlər. Onlar həmişə məsələnin
sülh yolu ilə həllini istədiklərini bildirirlər. Biz də problemin
sülh yolu ilə həllini istəyirik. İyirmi il ATƏT-in Minsk qrupunda
olmağımız aydın şəkildə göstərir ki, biz məsələnin sülh yolu ilə
həllinin tərəfdarıyıq. Sülh yolu ilə həldən başqa biz, eyni
zamanda, torpaqlarımızın da azad olunmasını istəyirik. Lakin
Ermənistan yalnız sülh yolu ilə həll istəyir, onlar yalnız sülh
istəyirlər. Biz də sülh istəyirik, həm də torpaqlarımızı istəyirik.
Bu torpaqlar tarixən, siyasi baxımdan və hüquqi baza
nöqteyi-nəzərindən bizimdir. Buna görə də onlar Ramil Səfərov
məsələsini qabartmağa çalışırlar. Onlar ölkədaxili lazımsız hay-küy
yaradırlar. Mən əfv sərəncamımla bağlı Ermənistan prezidentinin
daxili problemlərini başa düşürəm. Lakin bu onun problemidir, bu,
regionun problemi deyil. Hər bir prezidentin ölkədaxili problemləri
ola bilər. Lakin bu, heç də qeyri-etik davranaraq sülh prosesini
zədələmək üçün səbəb ola bilməz. Ona görə də onlar bir az təmkinli
olmalı, reallığı olduğu kimi qəbul etməlidirlər.
Mən paralellik aparmadan sadəcə bir tarixi məqamı xatırlatmaq
istərdim. 2001-ci ildə Ermənistan prezidenti Fransanın Orli hava
limanında Türk Hava Yollarına məxsus zolaqda bir neçə nəfərin, səhv
etmirəmsə 1 amerikalı, 4 fransız, digərləri türk olmaqla 8 nəfərin
ölümü, 50 nəfərin yaralanması ilə nəticələnən terror aktı törədən
Karapetyan adlı terrorçunu əfv edib. Karapetyan Ermənistan
vətəndaşı deyildi, lakin bir neçə il həbs cəzası çəkdikdən sonra o
Ermənistana ekstradisiya olundu və Sarkisyanın xələfi və yaxın
tərəfdaşı Koçaryan onu dərhal əfv etdi. Həmin vaxt biz beynəlxalq
təşkilatlardan, siyasətçilərdən bu məsələ ilə bağlı heç bir
açıqlamanın şahidi olmadıq. Mən 8 nəfərin qatili, 50 nəfərin
yaralanmasına səbəb olan terrorçu ilə zabitimiz arasında paralellik
aparmıram. Lakin bu, bir həqiqətdir. İndi ermənilərin özlərini
təhqir olunmuş kimi qələmə verməyə haqları yoxdur. Mənə elə gəlir
ki, buna bütün məqamlardan yanaşdıqda bu, doğru qərar idi. İndi
Ermənistanın özünə ismarış göndərilməlidir: bundan danışıqlar
prosesini pozmaq üçün bəhanə kimi istifadə etməyin, bundan
gərginlik yaratmaq üçün istifadə etməyin! Gərginliyi yaradan
Azərbaycan deyil, onlardır. Onlar sakitləşməli, danışıqlar masasına
qayıtmalı və münaqişənin mümkün qədər tez həlli yolunu tapmağa
çalışmalıdırlar".