Köhnə avtomobillər yığışdırıla bilər

14 Sentyabr 2012 08:04 (UTC+04:00)

Aparılan araşdırmalara görə, cari ilin ötən dövrü ərzində baş verən yol qəzalarında 700-dən artıq insan həyatını itirib. Yaralananların sayı isə bundan bir neçə dəfə çoxdur. Tədqiqatlar həm də onu göstərir ki, qəzaların yaşanmasında istismar müddəti başa çatan avtomobillərin də rolu az deyil. Ümumiyyətlə, ekspertlər hesab edir ki, istismar müddəti başa çatmış avtomobillər təhlükə mənbəyidir.

Təəssüf ki, belə maşınlara Bakıda, eləcə də bölgələrdə tez-tez rast gəlmək mümkündür. Amma bu sahədə vəziyyəti tənzimləmək üçün qanunvericilikdə müəyyənləşdirilmiş qaydalar yoxdur.

Bəzi məlumata görə, ölkəmizdə avtomobillərin 56 faizi beynəlxalq standartlara cavab verməyən, istismar müddəti başa çatmış avtomobillərdir. Bu isə 600 minə yaxın rəqəm deməkdir. Elə aparılan monitorinqlər də belə avtomobillərin sayının kifayət qədər çox olduğunu sübut edir. İstismar müddəti başa çatmış avtomobillər həddən artıq yanacaq sərf etdiyindən və standartlara cavab vermədiyindən atmosferi çirkləndirən mühüm amillərdən birinə çevrilirlər. Avropa ölkələrində bu cür zərərlərin qarşısının alınması məqsədilə müxtəlif üsullardan istifadə edilir. Bəzi ölkələrdə avtomobillərin orta yaşı 8 il müəyyənləşdirilib. Almaniyada avtomobillərin orta yaşı 8 il 1 ay, Belçikada 8, Avstriyada 7 il 7 ay, İngiltərədə 7 il 1ay, İrlandiyada isə 6 il 3 aydır. Yunanıstan, Portuqaliya, Slovakiya və Finlandiya kimi ölkələrdə avtomobillərin orta yaşı 10 ildən bir az artıqdır. Bu ölkələrdə istismar müddəti başa çatmış avtomobillər istismar müddəti sona çatan kimi geri təhvil verilir. Parçalanma və təkrar emal proqramları nəticəsində sürücü yeni avtomobil almaq imkanları ilə təmin edilir. Utilizasiya sistemi Avropa ölkələrinin əksəriyyətində tətbiq edilir. Hər ölkənin sənayesinə uyğun utilizasiya proqramı var. Azərbaycanda isə utilizasiya anlayışı demək olar ki, yoxdur. Əvəzində yararsız hala düşmüş avtomobillərin ucuz qiymətə "ölüxana" adlandırılan bazarlara satılması halları geniş vüsət alıb. Mütəxəssislərin fikrincə, istismar müddəti sona çatan avtomobillərin təhvil verilməsi nəticəsində əldə olunacaq dəmir, polad, mis, qurğuşun, plastik, kauçuk və şüşə kimi maddələrin təkrar emalı və istifadəsi təbii ehtiyatların tükənməsinin qarşısını nisbətən alar. Məsələylə bağlı ölkəmizdə xüsusi proqram hazırlanarsa, xaricdən gətirilən belə avtomobillərin satışına və alışına da maraq azalar.

Respublika Baş Dövlət Yol Polisi İdarəsi isə Azərbaycanda ölümlə nəticələnən yol qəzalarının artmasının qarşısını almaq üçün istismar müddəti bitən avtomobillərin istifadəsinin qadağan edilməsini vacib sayır. İdarənin şöbə rəisi Kamran Əliyev bildirib ki, Azərbaycanda nəqliyyat parkının yenilənməsi vacibdir: "Azərbaycanda qəzanın sayı enir, yaralının sayı enir, lakin ölümün sayı artır. Son 8 ayda 179 yol-nəqliyyat hadisəsinin azalması az fərq deyil. Baxmayaraq ki, il ərzində ölkədə nəqliyyat vasitələrinin sayı 73 mindən çox artıb. Ancaq qəzanın sayı azalıb. Lakin burada ölüm faktının 88 nəfər artması nədən xəbər verir? Bu gün heç kəs köhnə avtomobilindən əl çəkmək istəmir. İnsan ölümü ilə nəticələnən qəzaların əksəriyyəti istismar müddəti bitmiş həmin köhnə avtomobillərin iştirakı ilə baş verir". Onun sözlərinə görə, texniki cəhətdən həmin nəqliyyat vasitələrinə nasaz demək olmasa da, o avtomobilin köhnəlməsi, onun metalının artıq zərbəyə davamlı olmaması qəza zamanı ölümü qaçılmaz edir. Bu da ölkədə çoxluq təşkil edən "VAZ" markalı avtomobillərə aiddir: "Yəni bunların təhlükəsizlik elementləri daha az olduğundan həmin avtomobillərin zərbəyə dözümü yoxdur və bu da qəzalarda insan ölümünün daha çox olmasına səbəb olur. İnsanlar da başa düşməlidirlər ki, bu avtomobillər maksimum 20 il istifadə oluna bilər. 20 ildən sonra avtomobilə nə qədər texniki cəhətdən qulluq etsən də, onun metalında köhnəlmə gedir. Metal artıq yeni avtomobil kimi zərbəyə davamlı olmur". DYP rəsmisi hesab edir ki, Azərbaycanda avtomobillər utilizasiya edilməlidir. Onun sözlərinə görə, avtomobillərin utilizasiyası barədə hökumətin xüsusi qərarı olmalıdır.

Köhnə avtomobillərin utilizasiyası istehsalın və satışın sürətlənməsinə, dolayısı ilə iqtisadi inkişafa təkan verir. 2008-2009-cu illərin böhranında avtomobil sənayesindəki vəziyyəti normal saxlamaq üçün məhz bu cür üsuldan istifadə edildi.

Məsələn, ABŞ-da 3 il əvvəl tətbiq olunmuş utilizasiya ölkədə iqtisadi artıma nail olmağa imkan vermişdi. Belə ki, iqtisadi böhran nəticəsində ümumi daxili məhsulu (ÜDM) 9 ay ardıcıl olaraq azalan Amerikada avtomobil satışının artması hesabına 0,5%-lik iqtisadi inkişaf qeydə alınmışdı. Buna səbəb isə avtomobil satışının kəskin azalmasının qarşısını almaq məqsədilə tətbiq edilmiş dövlət proqramı idi. Ona uyğun olaraq, köhnə avtomobili təhvil verib yenisini alan şəxsə dövlət 4,5 min dollar vəsait ödəyirdi.

Rusiyada isə 2 il bundan əvvəl ölkənin aparıcı avtomobil istehsalçısı VAZ-ın tətbiq etdiyi yeniliyə əsasən köhnə avtomobili təhvil verib yenisini götürənə 50 min rubl, yəni təxminən 1650 ABŞ dolları endirim vəd olunurdu. Bu hal şimal qonşumuzun avtomobil parkının əhəmiyyətlə dərəcədə yenilənməsi ilə müşayiət olundu. İndi buna bənzər təcrübələrin ölkəmizdə də tətbiqi vacib sayılır.