Lent.az-ın məlumatına
görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Elm və təhsil
komitəsinin sədri, İqtisad Universitetinin rektoru Şəmsəddin
Hacıyev bildirib.
O qeyd edib ki, dünyanın bir sıra ölkələrində ali təhsil sistemində
rəmzi olaraq ödənişlər ləğv olsa da, əksər ölkələrdə ödənişlər var:
"Bu ödənişlər çox yüksək rəqəmlərlədir. Xüsusilə Avropa, ABŞ,
Cənub-Şərqi Asiya ölkələrində təhsil haqqı çox yüksəkdir. Bizdəki
ali məktəblərdə təhsil haqqının ləğvi isə ona görə mümkün deyil ki,
bu, çox böyük rəqəmdir və onun ləğv olunması üçün həmin rəqəmin
ödənilməsini dövlət öz üzərinə götürməlidir. Hesab edirəm ki,
dövlətdə bu vəsait yoxdur. Ancaq bundan da vacib səbəblər var ki,
ali təhsil sistemində ödənişlər ləğv olunmasın".
Ş.Hacıyev həmçinin deyib ki, Azərbaycanda təhsil haqqı o qədər də
yüksək deyil: "Xarici ölkələrlə müqayisə etsək, ümumiyyətlə,
Azərbaycanda təhsil haqqı yoxdur. Ona görə hesab edirəm ki, yaxın 3
il müddətində təhsil haqqının ləğvi haqqında danışmaq
yersizdir".