Sivilizasiyaların toqquşması reallığa çevrilir!

15 Sentyabr 2012 08:35 (UTC+04:00)

Bu gün xristian Qərbində müsəlman dünyasına qarşı bir dözümsüzlüyün yaranması, islam aləminə qarşı ədalətli olmayan addımların atılması aydın sezilməkdədir. Düzdür, bunu bütün Qərb cəmiyyətiən aid etmək olmaz. Lakin Qərbdə müxtəlif fərd və qurumlar tərəfindən antimüsəlman əhval-ruhiyyəsinin artması, eyni zamanda xristian-müsəlman qarşıdurmasının yaradılmasına cəhdlər olunması da aydın sezilməkdədir.

Bunun ən bariz nümunəsi isə "Müsəlmanların məsumluğu" adlanan filmdir.

Misir və Liviyadakı ABŞ səfirliklərinə hücumlar edilməsi ilə zorakı etirazlara səbəb olan antimüsəlman film barədə yeni məlumatlar ortaya çıxıb. Araşdırmalara görə, ABŞ-da çəkilən film iyunun axırında Hollivudda yerləşən balaca kinoteatrda nümayiş olunub. Lakin etirazlar bu filmin parçaları ərəb dilinə tərcümə edilərək "YouTube"a yerləşdiriləndən sonra başlayıb.

"Müsəlmanların məsumluğu" adlanan filmi özünü Sem Beysl adlandıran istifadəçi iyulun 1-də internetə yerləşdirib. Film çox ucuz və keyfiyyətsiz görsənir. Aydın olur ki, İslam və Məhəmməd Peyğəmbər haqqında deyilən ən təhqiramiz sözləri aktyorlar deməyib, filmin axırında səslənən musiqinin üzərinə sonradan dublyaj edilib. Filmdə çıxış edən aktrisalardan biri deyib ki, o, bu filmin İslama qarşı olduğundan xəbərsiz imiş və bu halı pisləyir.

Kaliforniyadan olan Sindi Li bildirir ki, o, filmdə kiçik bir rol oynayıb: "Mənə demişdilər ki, film "Səhra döyüşçüləri" adlandırılacaq və Misirdə 2 min il bundan qabaqkı həyat haqqında olacaq".

O, aktyorların filmdə təsvir olunmasına görə rejissoru məhkəmə verə biləcəyi barədə danışıb.

Filmin rejissoru olduğunu iddia edən və özünü Sem Beysl adlandıran bir kişi bir neçə mətbuat orqanları ilə danışıb. O, həmçinin İslama qarşı təhrikedici fikirlər söyləyərək filmə dəstək göstərib. O, bəzi mənbələrə əsasən 52, başqalarına isə 56 yaşında olduğunu deyib. Özünü Sem Beysl adlandıran şəxs əlavə edib ki, İsraildə anadan olan yəhudidir və yəhudi donorlar sayəsində filmi yaratmaq üçün bir neçə milyon dollar pul toplayıb. Lakin keçən həftəyə qədər Sem Beyslin "YouTube" səhifəsindən başqa adının internetdə heç bir izi yox idi. Bu səbəbdən Sem Beyslin real insan olması barədə suallar yaranıb.

İndi belə görünür ki, Sem Beysl ad yox, təxəllüsüdür. Onun əsl adının isə Misirin kop xristianlarından Nakoula Beysl Nakoula olduğu bildirilir. 56 yaşlı Nakoula "Sem Beysl" təxəllüsünün ona aid olmadığını bildirib. Əvvəllər bank saxtakarlığına görə cinayət məsuliyyətinə cəlb edilmiş Nakoulanın çoxlu təxəllüsləri var.

Özünü filmin məsləhətçisi kimi təqdim edən Stien Klein "Reuters"ə deyib ki, əslində "Sem Beysl" təxəllüsdür. Lakin bu təxəllüs birbaşa Nakaoula aid deyil. S.Klein filmi sifariş edən şəxsin kimliyini də bilmədiyini deyir: "Mən onunla iki dəfə görüşmüşəm. Bilmirəm hansı ölkədəndir. Ancaq onu bilirəm ki, İsrail yəhudisi deyil. Təxmin edə bilərəm ki, o, Yaxın Şərqdəki ailəsini qorumaq üçün təxəllüsdən istifadə edir". S.Klein bildirir ki, film üzərində işləyən şəxslər müsəlman ölkələrində repressiyaya məruz qalaraq ABŞ-a gəlmiş immiqrantlardır. Onlar Suriya, Pakistan, Türkiyə, İraq, Misir kimi ölkələrdəndir.

Maraqlıdır ki, kimliyi bilinməyən Sem Beysl filmin cəmiyyətdə siyasi qarşıdurma yaratmaq məqsədilə çəkildiyini etiraf edib. İsrail əsilli Amerika vətəndaşı olduğu ehtimal olunan bu şəxs Amerikanın "Wall Street Journal" qəzetinə açıqlamasında deyib: "İslam xərçəng, müsəlmanlar isə məhv edilməli həşəratlardır. Bu film ilə İslamın nifrətlə dolu olan bir din olduğunu göstərəcəyəm. Bu film üçün 100 israilli könüllüdən 5 milyon dollar almışam və filmi İsrail üçün çəkmişəm". Sam Basil ABŞ-ın Florida ştatında Quranı yandıran rahib Terri Consdan da dəstək aldığını bildirib.

Onu da qeyd edək ki, anti-İslam təşkilatı olan Milli Amerikan Koptik Assambleyasının üzvü, Misirli Amerikan Morris Sadek filmlə əlaqələndirilmiş başqa bir şəxsdir. Filmi təbliğ edərək o, Koptik xristian qurumlarının filmlə əlaqəsi haqqında suallar yaradıb. Koptik xristianlar Misirdə əhəmiyyətli azlıq təşkil edir. Misirdə "Müsəlman qardaşları" hakimiyyətə gələndən sonra bu azlığın dini azadlığı haqqında narahatlıqlar meydana gəlib.

Amerika səfirliklərində baş verən zorakılığın səbəbi filmin ərəb dilinə tərcümə edilməsi və Ərəb telekanallarında yayımlanması olub. Buna baxmayaraq, Vaşinqtonda zorakılıqların qəfil baş verməməsinin mümkünlüyünə dair araşdırmalar aparılır.