YAP, AXCP və Müsavat Ramil Səfərova görə bir araya gəldi
15 Sentyabr 2012 20:20 (UTC+04:00)
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Avropa
Parlamentinə müraciət qəbul edib.
APA-nın məlumatına görə,
müraciətdə Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Avropa
strukturları ilə Azərbaycan arasındakı ikitərəfli əlaqələrin
inkişaf etdirilməsinə Avropa dəyərlərinə sadiq olduqlarını
birmənalı şəkildə ifadə ediblər. Müraciətdə deyilir ki, Avropa
Parlamenti Cənubi Qafqaz, o cümlədən Azərbaycanla bağlı dəfələrlə
müxtəlif xarakterli qərarlar və qətnamələr qəbul edib: "Həmin
sənədlərdə Azərbaycanın üzləşdiyi əsas problem - Ermənistanın
Azərbaycana qarşı təcavüzü, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı
obyektiv fikirlər öz əksini tapıb. Lakin bəzi hallarda Avropa
Parlamentində təmsil olunan deputat qrupları bu və ya digər
maraqları naminə, xüsusilə erməni lobbisinin təsiri altında
reallığı təhrif edən sənədlər qəbul edir. Bu cür sənədlər
Azərbaycanın ictimai rəyində və siyasi mühitində birmənalı
qarşılanmır. Ramil Səfərovun Azərbaycana ekstradisiyası və
prezident tərəfindən əfv edilməsi məsələsi ilə bağlı 732 üzvü olan
Avropa Parlamentində 76 nəfər deputatın iştirakı ilə və onlardan 58
nəfərinin lehinə səs verməsi ilə qəbul olunan qətnamə
qeyri-obyektiv olmaqla Ermənistanın və erməni lobbisinin
maraqlarına xidmət edir".
Müraciətdə daha sonra deyilir: "Biz, Azərbaycanda fəaliyyət
göstərən siyasi partiyalar Avropa strukturları ilə Azərbaycan
arasındakı ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə, Avropa
dəyərlərinə sadiq olduğumuzu birmənalı şəkildə ifadə edirik.
Azərbaycan müstəqilik əldə etdikdən sonra ölkəmizin xarici
siyasətində Avroatlantik məkanına inteqrasiya mühüm və əhəmiyyətli
yerlərdən birini tutmuşdur. Bu gün Azərbaycan BMT, ATƏT, Avropa
Şurası və bir sıra nüfuzlu qurumlarda layiqincə təmsil olunmuş,
həmin qurumların qəbul etdiyi konvensiyalara və digər hüquqi
sənədlərə qoşulmuşdur. Azərbaycan Avropa Qonşuluq Siyasəti və Şərq
Tərəfdaşlığında fəal iştirak etməklə və Avropa Birliyinin Cənubi
Qafqaz ölkələri ilə Assosiativ sazişə sadiqliyini bəyan edir.
Avropa Parlamenti Cənubi Qafqaz və Azərbaycanla bağlı dəfələrlə
müxtəlif xarakterli qətnamə və qərarlar qəbul etmişdir. Qəbul
edilən sənədlərdə Azərbaycanın üzləşdiyi əsas problem -
Ermənistanın təcavüzü, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar,
obyektiv fikirlər də özünə yer tapmışdır. Lakin bəzi hallarda
Avropa Parlamentində təmsil olunan deputat qrupları bu və ya digər
maraqlar naminə, xüsusilə erməni lobbisinin təsiri altında reallığı
təhrif edən sənədlər qəbul etmişdir. Təbii, bu cür sənədlərin
qəbulu Azərbaycan ictimai rəyində və siyasi mühitində birmənalı
qarşılanmır.
Azərbaycan ordusunun zabiti Ramil Səfərovun Azərbaycana
ekstradisiyası və ölkə Prezidenti tərəfindən əfv olunması məsələsi
ilə bağlı qəbul olunmuş qətnamə, bütövlükdə, qeyri-obyektiv
olmaqla, Ermənistanın və erməni lobbisinin maraqlarına xidmət
edir.
Avropa dövlətlərinin qoşulduğu və beynəlxalq miqyasda hamının qəbul
etdiyi konvensiyalar və digər hüquqi sənədlər məhbusların
ekstradisiyası və əfv olunması məsələlərini tənzimləyir. Azərbaycan
ordusunun zabiti Ramil Səfərovun da ekstradisiyası və əfv edilməsi
"Məhkum olunmuş şəxslərin köçürülməsi haqqında Konvensiya"nın 12-ci
maddəsinə, Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq
hüququn norma və prinsiplərinə istinad olunaraq həyata
keçirilmişdir. Təəssüf ki, Avropa strukturlarının bir sıra
qurumlarında bu məsələ ilə əlaqədar obyektivlikdən uzaq bəyanatlar
və sənədlər yayılmışdır.
Xatırlatmaq istərdik ki, Ramil Səfərov erməni silahlı birləşmələri
tərəfindən işğala məruz qalan Azərbaycanın Cəbrayıl bölgəsində
doğulmuş və Ermənistanın Azərbaycana qarşı təcavüzkar müharibəsi
gedişində bir çox yaxınları, qohumları öldürülmüş, ailəsi isə
qaçqın vəziyyətinə düşmüşdür. Ramil Səfərov 2004-cü ildə Budapeştdə
ingilis dili kurslarında iştirak edərkən onunla birlikdə bu kursda
olan erməni zabiti Qurgen Markaryan tərəfindən təhqirlərə məruz
qalmış və buna cavab olaraq affekt vəziyyətdə ona qarşı ən son
vasitəyə əl atmışıdır. Ramil Səfərovun üzərində Budapeştdə aparılan
məhkəmə prosesi zamanı Ermənistanın və erməni lobbi təşkilatlarının
təzyiqləri nəticəsində bu hadisə ilə əlaqədar çox sərt və humanizm
prinsipləri ilə uzlaşmayan hökm verilmişdir. Halbuki, Avropa
ölkələrinin məhkəmələrində belə sərtlik özünü büruzə vermir. Son
misal kimi, Norveçdə Breyvik üzərində qurulan məhkəmə və onun
çıxardığı qərarı göstərə bilərik. Qeyd etmək istərdik ki, Ramil
Səfərov onun üçün müəyyən olunmuş cəzanın 9 ilini həbsxanada
keçirmişdir.
Hazırda erməni lobbi təşkilatları və Ermənistanı himayə edən
dairələr tərəfindən Ramil Səfərov məsələsi ətrafında qaldırılan
hay-küy kampaniyası, əslində Azərbaycanın 20 faiz torpaqlarını
işğal edərək bir milyona yaxın insanı qaçqına çevirən təcavüzkar
Ermənistanın törətdiyi hərbi cinayətləri, işğal faktını və dalana
dirənən sülh danışıqları prosesində tutduğu qeyri konstruktiv
mövqeyi ört-basdır etmək cəhdindən başqa bir şey deyildir. Öz yaxın
tarixi ərzində dəfələrlə dünyanın müxtəlif yerlərində qanlı terror
əməlləri törətmiş caniləri (ASALA terror təşkilatının üzvləri:
Monte Melkonyan, Vazgen Sislyan, Varujan Karapetyan və s.)
Ermənistana gətirərək onlara vətəndaşlıq pasportu verən bir ölkənin
indiyədək Avropanın heç bir beynəlxalq qurumu tərəfindən qınağa
məruz qalmaması faktı, Azərbaycan ictimai rəyində hiddət və təəssüf
doğurmuşdu. Halbuki, bu terrorçular Ermənistana ekstradisiya
edildikdən sonra bu ölkənin hərbi birləşmələri tərkibində
Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində dinc əhaliyə
qarşı bir sıra ağır hərbi cinayətlər, o cümlədən, Xocalı
soyqırımını törətmişlər. Hesab edirik ki, Avropa Parlamenti kimi
nüfuzlu beynəlxalq təşkilatlar Ermənistanın təcavüzkarlığına rəvac
verən qərarlar qəbul etmək əvəzinə, iki ölkə arasında olan
konfliktin sülh yolu ilə həlli istiqamətində ardıcıl addımlar
atsaydılar, daha məqsədəuyğun olardı.
Biz, siyasi yönümündən asılı olmayaraq müraciəti imzalayan
partiyalar Azərbaycan cəmiyyətinin bu mövzudakı həssaslığını və
narahatlığını ifadə edərək, bir daha Avropa Parlamentinin qəbul
etdiyi məlum qətnaməyə öz qəti və birmənalı etirazımızı bildirir,
bu sənəddə əks olunan müddəaları qeyri-obyektiv və ikili
standartların növbəti təzahürü hesab edirik".
Müraciəti YAP sədr müavini Əli Əhmədov, Vətəndaş və İnkişaf
Partiyasının sədri Əli Əliyev, AXCP sədr müavini Razi Nurullayev,
Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan, Milli İstiqlal
Partiyasının baş katibi Arzuxan Əlizadə, Ədalət Partiyasının sədr
müavini Mütəllim Rəhimli, Ana Vətən Partiyasının sədri Fəzail
Ağamalı, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, Milli
Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Böyük Quruluş
Partiyası Ali Məclisinin sədri Əjdər Əliyev, Azərbaycan Demokrat
Partiyasının sədr müavini Həsrət Rüstəmov, Müsavat başqanın müavini
Gülağa Aslanlı, BAXCP sədri Qüdrət Həsənquliyev AXCP sədrinin
müavini Razi Nurullayev imzalayıb.