Binə Ticarət Mərkəzində zəhərlənənlərin sayı 130-a çatdı

17 Sentyabr 2012 11:20 (UTC+04:00)

Binə Ticarət Mərkəzində zəhərlənənlərin sayı 100-ü keçib.

Bu barədə APA-ya Klinik Tibbi Mərkəzdən məlumat verilib. Mərkəzdən bildirilib ki, ötən gün Binə Ticarət Mərkəzindən xəstəxanaya zəhərlənmə diaqnozu ilə müraciət edənlərin sayı 129 nəfər olub. Onların hamısına ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. 
Qeyd edək ki, sentyabrın 16-da Binə Ticarət Mərkəzində kütləvi zəhərlənmə faktı qeydə alınıb. Zəhərlənməyə ticarət mərkəzində quraşdırılmış generatorlar səbəb olub. Ticarət mərkəzində elektrik enerjisi kəsildiyi üçün generatorlar işə salınıb. Generatorlarda yaranmış nasazlıq insanların kütləvi zəhərlənməsi ilə nəticələnib. 
Baş vermiş hadisə ilə bağlı fakta görə, Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, hazırda zəruri istintaq tədbirləri davam etdirilir.