İrandan Azərbaycana silah-sursat keçirən şəxslər yaxalandı
13 Aprel 2012 14:38 (UTC+04:00)
Bu, Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi kompleks
əməliyyat tədbirləri nəticəsində mümkün olub
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş kompleks
əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından
qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə xeyli
sayda odlu silahın, döyüş sursatı və digər hərbi ləvazimatların,
habelə külli miqdarda narkotik vasitələrin keçirilməsində təqsirli
bilinən bir qrup şəxs yaxalanaraq ifşa edilib. MTN-dən verilən
məlumata görə, İran İslam Respublikasının vətəndaşları - Əbdi Nasir
Zöhrab oğlu, Dəlir Əli Yadulla oğlu, Azərbaycan vətəndaşları -
Xubaliyev Qabil Şəkəralı oğlu, Məmmədov Ruslan Tahir oğlu, Mürşüdov
Arzuman Məmmədəli oğlu, Lalayev Niyaməddin Şərafəddin oğlu və
qeyriləri cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup
şəxs halında qanunsuz olaraq odlu silah, döyüş sursatı və satış
məqsədilə külli miqdarda narkotik vasitəni əldə etmiş, mühafizə
olunan dövlət sərhədini pozaraq gömrük sərhədindən gömrük
nəzarətindən kənar keçirərək İrandan Azərbaycan Respublikasının
ərazisinə gətiriblər.
Müəyyən edilib ki, 2012-ci ilin mart ayının sonlarında əvvəlcədən
əldə edilmiş cinayət razılaşmasına əsasən qrupun üzvləri Niyaməddin
Lalayev, Arzuman Mürşüdov və Ruslan Məmmədov İrana gedərək, orada
Qabil Xubaliyevin köhnə tanışı İran İslam Respublikasının vətəndaşı
Nasir Əbdi ilə görüşmüş və sonuncuya satış məqsədilə külli miqdarda
narkotik vasitə sifariş veriblər. Külli miqdarda narkotik vasitəni
qaçaq yolla Azərbaycana keçirərək qrupun buradakı üzvlərinə
təhlükəsiz şəraitdə çatdırılması məqsədilə qrupun digər üzvü,
hazırda şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı Əli
Rəhmani 1 ədəd "AKM" tipli avtomat silahı, həmin avtomat silah üçün
nəzərdə tutulmuş 2 ədəd darağı və 273 ədəd patronu, 2 ədəd
"Makarov" tipli tapançanı, həmin tapançalara aid 2 ədəd darağı, 8
ədəd patronu, 1 ədəd əl qumbarasını, 1 ədəd gecəgörmə cihazını
Nasir Əbdi və Əli Dəlirə verib.
Nasir Əbdi və Əli Dəlir qeyd olunan odlu silahları, döyüş sursatını
və digər hərbi ləvazimatları, eləcə də narkotik vasitələri qaçaq
yolla İrandan Azərbaycana Yardımlı rayonun Zevin kəndi
istiqamətində keçirib və bu barədə Ruslan Məmmədovla Arzuman
Mürşüdova məlumat verərək sonuncuları həmin ərazidəki meşə
massivində gözləyəcəklərini bildiriblər. Bundan sonra Arzuman
Mürşüdov həmin əraziyə gedərək Nasir Əbdini və Əli Dəlirini onların
qaçaq yolla keçirdikləri həmin silah-sursat və narkotik vasitələrlə
birlikdə yaşadığı Masallı rayonunun Zuvandlı kəndindəki evinə
gətirib. Arzuman Mürşüdov həmin silah-sursatın bir qismini öz
evində gizlətmiş və bu barədə Ruslan Məmmədovu, sonuncu isə öz
növbəsində Niyaməddin Lalayevi məlumatlandırıb.
Arzuman Mürşüdov, Nasir Əbdi və Əli Dəlir həmin narkotik vasitələri
Masallı rayonu ərazisində Ruslan Məmmədova çatdırıb, sonuncu isə
təhvil aldığı narkotikləri idarə etdiyi "Mersedes" markalı
avtomaşınının yük yerində gizlətmiş və birlikdə rayon ərazisində
fəaliyyət göstərən "Gölüstü" istirahət mərkəzində onları gözləyən
qrupun digər üzvü Qabil Xubaliyevin yanına gəliblər.
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş
təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Nasir Əbdi, Əli
Dəlir, Ruslan Məmmədov, Arzuman Mürşüdov, Qabil Xubaliyev Masallı
rayonunda, Niyaməddin Lalayev isə Xaçmaz rayonunda saxlanılıb.
Keçirilmiş baxış zamanı Arzuman Mürşüdovun yaşadığı evdən 1 ədəd
"AKM" tipli avtomat silah, ona aid 2 ədəd avtomat darağı və 273
ədəd patron, 1 ədəd "Makarov" tipli tapança, 1 ədəd əl qumbarası, 1
ədəd gecəgörmə cihazı, 1 kiloqarama yaxın heroin, 3 qramdan artıq
tiryək, Nasir Əbdidən 1 ədəd "Makarov" tipli tapança, ona aid 1
ədəd daraq, 3 qramdan artıq tiryək, təxminən 1,5 qram metamfetamin,
Əli Dəlirin üzərindən "Makarov" tipli tapançaya aid içərisində 8
ədəd patron olan 1 ədəd daraq, Ruslan Məmmədovun idarə etdiyi
"Mersedes" markalı avtomaşının yük yerindən qrupa məxsus 2 kiloqram
833,7 qram tiryək və 522,4 qram heroin, sonuncun üzərindən 3,988
qram marixuana, Qabil Xubaliyevin üzərindən 7 qramdan artıq heroin
aşkar edilərək götürülmüşdür. Niyaməddin Lalayevin yaşadığı Xaçmaz
şəhərindəki evinə keçirilmiş baxış zamanı ayrı-ayrılıqda
qablaşdırılmış 22,903 qram heroin və 50 qrama yaxın marixuana
aşkarlanıb. Eyni zamanda, Niyaməddin Lalayevin həmin evində yaşayan
Azərbaycan Respublikasının vətəndaşı Qəniyev Vadim Abdulcabbar oğlu
da saxlanılmış və ondan "İJ79-93" markalı 1 ədəd qaz silahı, ona
aid 2 ədəd daraq və 14 ədəd patron aşkar edilərək götürülüb.
Bütün faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş
İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu
silah və döyüş sursatının, narkotik vasitələrin qaçaqmalçılığı),
234.1-ci, 234.4.2-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup
şəxs tərəfindən külli miqdarda narkotik vasitələri təkrarən əldə
etmə, daşıma, saxlama və ya satma), 228.2.1-ci (qabaqcadan əlbir
olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, döyüş
sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə), 228.4-cü (qanunsuz
olaraq qaz silahını əldə etmə və gəzdirmə) və 318.2-ci (qabaqcadan
əlbir olan bir qrup şəxs tərəfindən dövlət sərhədini qanunsuz
olaraq keçmə) maddələri ilə cinayət işi başlanılıb.
Əbdi Nasir Zöhrab oğlu, Dəlir Əli Yadulla oğlu, Xubaliyev Qabil
Şəkəralı oğlu, Məmmədov Ruslan Tahir oğlu, Mürşüdov Arzuman
Məmmədəli oğlu, Lalayev Niyaməddin Şərafəddin oğlu, Qəniyev Vadim
Abdulcabbar oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq
barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İstintaq-əməliyyat tədbiləri davam etdirilir.