Üzeyir Hacıbəyov 127 il

18 Sentyabr 2012 12:17 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, sentyabrın 18-i dahi Üzeyir Hacıbəyovun doğum günüdür.

Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyov 18 sentyabr 1885-ci ildə Şuşa qəzasının Ağcabədi kəndində anadan olub. Dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan professional musiqi sənətinin və milli operasının banisi, EA-nın akademiki (1945), professor (1940), Azərbaycan Bəstəkarlar İttifaqının sədri (1938-1948), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1928-1929, 1939-1948), Azərbaycan EA İncəsənət İnstitutunun direktoru (1945-1948) Ü. Hacıbəyovun ilk müəllimi Azərbaycan musiqisinin gözəl bilicisi, dayısı A. Əliverdibəyov olub. O, 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb. Onun dünyagörüşünün formalaşmasında seminariya böyük rol oynayıb. Hacıbəyov seminariya illərində qabaqcıl dünya mədəniyyəti ilə yaxından tanış olub. O, burada Avropa musiqi klassiklərinin əsərlərini mənimsəyib, skripka və baritonda çalmağı öyrənib, xalq mahnı nümunələrini nota köçürüb. Seminariyanı bitirdikdən sonra Hacıbəyov 1904-cü ildə Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilib.
O, Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır (komediyalarının mətnini də özü yazıb). Onun "Ər və Arvad" (1909, ilk tamaşası: 1910), "O Olmasın, bu Olsun" (1910, ilk tamaşası: 1911), "Arşın Mal Alan" (1913) musiqili komediyalarında inqilabdan əvvəlki Azərbaycan məişəti, xalq adət və ənənələri əksini tapıb. Hacıbəyov 1911-ci ildə musiqi təhsilini artırmaq üçün Moskvaya gedib, həmin il burada filarmonik cəmiyyətin musiqi kurslarında, 1913-cü ildə isə Peterburq konservatoriyasında oxuyub. Peterburq dövrü Hacıbəyovun yaradıcılığında mühüm rol oynayıb, o, "Arşın Mal Alan" musiqili komediyasını məhz burada yaradıb.
Hacıbəyov 1921-ci ildə Bakıda Azərbaycanlı tələbələr üçün ilk musiqi məktəbini – Azərbaycan Dövlət Türk Musiqi Məktəbini (sonralar texnikum) təşkil edib. 1926-cı ildən Azərbaycan Dövlət Konservatoriyasında fəaliyyət göstərən Hacıbəyov burada nəzəriyyə, harmoniya, Azərbaycan musiqisinin əsasları fənlərindən dərs deyib, konservatoriya yanında ilk çoxsəsli Azərbaycan xor kollektivi yaradıb. Üzeyir bəy Azərbaycan musiqisində köklü dönüş yaratmış dahi bəstəkardır. O, 19-cu əsrin əvvəllərinədək şifahi xalq musiqi sənəti şəklində mövcud olan Azərbaycan milli musiqisini Qərbi Avropa bəstəkarlıq məktəblərinin nailiyyətləri, forma və janrları ilə zənginləşdirib, Azərbaycan və ümumiyyətlə Şərq musiqisinin gələcək inkişaf perspektivlərini, estetik prinsiplərini müəyyənləşdirib.
Qeyd edək ki, böyük bəstəkarın doğum günü hər il ölkəmizdə musiqi günü kimi qeyd olunur.